ELM VƏ TƏHSİL
Bakıda Sergey Yeseninin yubileyi qeyd olunub
Bakı, 3 oktyabr, AZƏRTAC
Oktyabrın 3-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Dendrologiya İnstitutunda görkəmli rus şairi Sergey Yeseninin anadan olmasının 122-ci ildönümünə həsr olunan ədəbi-musiqili tədbir keçirilib.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, akademiyanın Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin təşkilatçılığı ilə təşkil olunan tədbirdə Sergey Yesenin adına Azərbaycan-Rus Ədəbi Əlaqələri Mərkəzinin əməkdaşları, ictimai təşkilatların nümayəndələri, orta məktəb şagirdləri və jurnalistlər iştirak ediblər.
Tədbirdə Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin əməkdaşı Nəzakət İbadova görkəmli rus şairi S.Yeseninin zəngin yaradıcılığından söhbət açıb. S.Yeseninin təkrarolunmaz, bütün dünyaya məxsus şair olduğunu söyləyən N.İbadova onun əsərlərinin dəfələrlə Azərbaycan dilinə tərcümə edildiyini, məqalələrinin Azərbaycan nəşrlərində bu günədək yer aldığını xatırladıb. Vurğulanıb ki, görkəmli rus şairi Bakının Mərdəkan qəsəbəsində cəmi 70 gün qalıb. Bu qısa müddətə baxmayaraq, Azərbaycan xalqı ona daim hörmətlə yanaşıb və şairin yaşadığı evi muzey edib.
S.Yeseninin Bakıya olan sevgisinin şairin yaradıcılığında öz əksini tapdığını deyən muzeyin əməkdaşı diqqətə çatdırıb ki, Azərbaycanda yazdığı “İran nəğmələri”, “Əlvida, Bakı!”, “Balaxanı mayı” və digər əsərləri onun poeziyasının ən qiymətli inciləridir.
Azərbaycan-Rusiya əməkdaşlığı nümayəndəliyinin rəhbəri Valentin Denisov S.Yeseninin iki ölkənin mədəni əlaqələrinin möhkəmləndirilməsi istiqamətində xidmətlərini xüsusi vurğulayıb. Şairin yaradıcılığının Bakı dövrü haqqında danışan V.Denisov bildirib ki, S.Yesenin əllidən çox şeirini və iki poemasını məhz bu şəhərə həsr edib. O, hər il oktyabrın 3-də S.Yeseninin doğum gününün Azərbaycanda qeyd edilməsini yüksək dəyərləndirib.
Tədbirdə Xəzər Universitetinin prorektoru, pedaqoji elmlər üzrə fəlsəfə doktoru İsaxan İsaxanlı, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının katibi Mefodiy Əfəndiyev, publisist Reyhan Mirzəzadə və başqaları çıxış edərək şairin keçdiyi ömür yolundan danışıb, onun sadə dildə yazdığı şeirlərinin gənc və yaşlı insanların zövqünü oxşadığını söyləyiblər.
Tədbirdə şairin əsərlərindən nümunələr təqdim edilib, sözlərinə bəstələnən mahnılar ifa olunub.