QAN YADDAŞI
Bolqarıstanda 20 Yanvar hadisələrinə həsr olunmuş silsilə tədbirlər keçirilib
Bakı, 21 yanvar, AZƏRTAC
20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar Azərbaycanın Bolqarıstandakı səfirliyinin təşkilatçılığı ilə bu ölkənin paytaxtı Sofiya şəhərində silsilə tədbirlər keçirilib.
AZƏRTAC xəbər verir ki, ölkəmizin Bolqarıstandakı səfirliyində 20 Yanvar faciəsini əks etdirən fotosərgi təşkil olunub.
Tədbir 20 Yanvar – Ümumxalq Hüzn Günü ilə əlaqədar şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Sonra Azərbaycanın Bolqarıstandakı səfirliyinin təşkilatçılığı ilə 20 Yanvar hadisələrinin ildönümünə həsr olunan videokonfrans keçirilib.
Konfransda Azərbaycanın Bolqarıstandakı səfiri Hüseyn Hüseynov, Milli Məclisin və Bolqarıstanın Xalq Məclisinin parlamentlərarası dostluq qruplarının üzvləri – Rauf Əliyev, Sabir Hacıyev, Musa Qasımlı, Stanislav Anastasov, Ceyhan İbryamov, həmçinin Bolqarıstan Xalq Məclisinin Hüquq və Azadlıqlar Hərəkatı və Demokratik Bolqarıstan partiyalarının təmsilçiləri, Bolqarıstanın elmi-tədqiqat dairələrinin üzvləri, yerli mütəxəssislər və media nümayəndələri çıxış ediblər.
Aparılmış müzakirələrdə vurğulanıb ki, Ermənistanın ölkəmizə qarşı əsassız ərazi iddialarının və 300 minə yaxın soydaşımızın indiki Ermənistan ərazisindən qovulmasının qarşısının alınmasının əvəzinə, Azərbaycanda “milliətçi ekstremistlər” tərəfindən hakimiyyətin ələ keçirilməsinin qarşısını almaq və burada yaşayan erməniləri qorumaq bəhanəsi ilə şəhərə yeridilən sovet ordusunun birləşmələri 147 mülki şəxsi qətlə yetirib.
Konfransda vurğulanıb ki, Bakıdakı 20 Yanvar hadisələri 1986-cı ildə Almatı, 1989-cu ildə Tbilisi və 1991-ci ildə Vilnüsdə baş verən hərbi müdaxilələr arasında ən qəddarı olub və sovet rəhbərliyi tərəfindən kollektiv cəza üsulu kimi həyata keçirilib. 20 Yanvar faciəsi insanlığa qarşı törədilən ən ağır cinayətlərdən biri kimi qiymətləndirilib, bu hadisələrin təşkilatçılarının və icraçılarının beynəlxalq məsuliyyətə cəlb olunmalarının vacibliyi vurğulanıb.
Eyni zamanda, yanvarın 20-də səfirlikdə Bolqarıstanda yaşayan azərbaycanlılarla görüş keçirilib.
Tədbir şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Mərasimdə açılış nitqi ilə çıxış edən səfir H.Hüseynov görüş iştirakçılarına 20 Yanvar faciəsinin tarixi, mahiyyəti və Azərbaycan tarixində oynadığı rol haqqında ətraflı məlumat verib.
Çıxışdan sonra 20 Yanvar faciəsinə həsr edilən “Tarixin izi ilə” adlı sənədli film nümayiş etdirilib.
Sonda 20 Yanvar hadisələrində, Azərbaycan ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarını qurban verən şəhidlərimizin əziz xatirəsinə ehsan süfrəsi açılıb.
20 Yanvar – Ümumxalq Hüzn Günü ilə əlaqədar Azərbaycanın Bolqarıstandakı səfirliyinin təşkilatçılığı ilə çoxsaylı yerli media qurumları tərəfindən 20 Yanvar hadisələrinə dair geniş məlumatların yayılması təmin olunub və bu mövzuda müxtəlif məqalələr dərc edilib.