İsveçdə saam maralçılığı ətrafında münaqişə kəskin hal alıb
Stokholm, 11 may, AZƏRTAC
İsveçdə saam xalqının hüquqları və maralçılığın gələcəyi ilə bağlı qızğın siyasi münaqişə başlayıb.
AZƏRTAC xəbər verir ki, münaqişə Xristian Demokrat Partiyasının (XDP) şimal maralı populyasiyasının azaldılması, sənayeyə dövlət dəstəyinin kəsilməsi və maralçılığın milli maraq statusundan məhrum edilməsini təklif edən açıqlamalarından qaynaqlanır.
Partiya liderləri bu təşəbbüsü maralçıların maraqları ilə mədənçilik, meşə təsərrüfatı və turizm də daxil olmaqla sənayenin inkişafı arasında ədalətli balansın yaradılması zərurəti ilə izah edirlər. Eyni zamanda, İsveç Demokratları Ali Məhkəmənin Qiryas işi üzrə qərarından sonra qanunvericiliyin yenidən nəzərdən keçirilməsinə çağırıblar. Bu qərar saam icmalarının ovçuluq və balıqçılıq hüquqlarını genişləndirib. 2020-ci ildə məhkəmə onların bu torpaqlardan yerli xalq kimi istifadə etmək üçün tarixi hüquqlara malik olduğunu tanıyıb.
Təkliflər ölkənin şimalında kəskin reaksiyaya səbəb olub. Bələdiyyə siyasətçiləri, İsveç kilsəsinin nümayəndələri və saam fəalları XDP-i bu xalqın mədəniyyətinə və yerli xalqların hüquqlarına xələl gətirməkdə ittiham ediblər.
Yokkmokk bələdiyyəsinin müşaviri Henrik Blind partiyanın siyasətini “mədəni soyqırımı” adlandırıb və hasilat sənayesinin davamlı genişlənməsinin saam xalqının ənənəvi həyat tərzini məhv etdiyini bildirib.
Kənd təsərrüfatı naziri Peter Kullqren ittihamları rədd edərək, onları “heyrətamiz həyasız” adlandırıb, bütün İsveç vətəndaşlarının ovçuluq və balıqçılıq üçün dövlətə məxsus torpaqlara bərabər çıxışı olmasının vacibliyini vurğulayıb.
Politoloqlar qeyd edirlər ki, saam hüquqları məsələsi getdikcə qütbləşir və partiyalar tərəfindən parlament seçkiləri öncəsi kampaniya səfərbərliyi üçün bir vasitə kimi istifadə olunur.