Parisdə Ümummilli Lider Heydər Əliyevin 103 illiyinə həsr olunmuş konsert keçirilib
Paris, 11 may, AZƏRTAC
Fransadakı Azərbaycan Səfirliyinin Mədəniyyət Mərkəzində Fransa-Azərbaycan Dialoqu Assosiasiyasının təşkilatçılığı və Azərbaycan diasporunun Koordinasiya Şurasının dəstəyi ilə musiqili gecə təşkil olunub.
AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilib.
Konsertdən əvvəl politoloq Eric Gozlan Heydər Əliyevin Azərbaycanın müasir tarixindəki rolu barədə çıxış edib. O, nitqində Heydər Əliyevin müstəqil Azərbaycanın formalaşmasında, ölkədə sabitliyin möhkəmləndirilməsində, iqtisadi inkişafın təmin edilməsində və beynəlxalq əlaqələrin genişləndirilməsində müstəsna xidmətlərini vurğulayıb. Xüsusilə, 1994-cü ildə imzalanmış və ölkənin iqtisadi inkişafında mühüm mərhələ sayılan “Əsrin müqaviləsi”nin əhəmiyyətinə toxunub.
Tədbirdə çıxış edən Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmlənməsində, ölkənin beynəlxalq nüfuzunun artmasında və müasir Azərbaycanın inkişaf strategiyasının müəyyənləşdirilməsində misilsiz rolundan danışıb. Səfir bildirib ki, Heydər Əliyevin siyasi irsi bu gün də Azərbaycanın inkişaf yoluna işıq tutur və onun əsasını qoyduğu dövlətçilik prinsipləri uğurla davam etdirilir.
Gecənin musiqi proqramını fransız violonçel ifaçısı Lor Volpato və yapon mənşəli pianoçu və bəstəkar Azusa Lozinguezdən ibarət DUO SHIZUKU “Perle de Rosée” dueti təqdim edib. Konsert proqramında klassik və müasir Avropa musiqisi, eləcə də Azərbaycan bəstəkarı Adilə Hüseynzadənin “Sonatina” əsəri ifa edilib
Mədəniyyətlərarası dialoq və qarşılıqlı anlaşma ab-havasında keçən tədbir diplomatik korpus nümayəndələrini, Azərbaycan diasporunun üzvlərini, Fransa ictimaiyyətini və klassik musiqi həvəskarlarını bir araya gətirib.