BMU tələbələri bədii yaradıcılıq müsabiqə-festivalının yekun konsertində çıxış ediblər
Bakı, 11 may, AZƏRTAC
Bakı Mühəndislik Universitetinin (BMU) tələbələri ali təhsil müəssisələri arasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilən bədii yaradıcılıq müsabiqə-festivalının yekun konsertində çıxış ediblər.
AZƏRTAC-ın xəbərinə görə, Heydər Əliyev Sarayında Elm və Təhsil Nazirliyi və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə təşkilatçılığı ilə keçirilən yekun konsertdə BMU tələbələri öz yaradıcılıq bacarıqlarını göstəriblər.
Konsert proqramında ali məktəb tələbələrinin ifasında Ulu Öndərə ithaf olunmuş mahnılar səsləndirilib, bədii qiraət, habelə müxtəlif rəqs kompozisiyaları təqdim edilib.
Müsabiqə-festivalın ilk mərhələsində 26 ali təhsil müəssisəsində keçirilən seçim turlarında 2 minə yaxın tələbə arasından 576 nəfər növbəti mərhələyə vəsiqə qazanıb.
İkinci mərhələdə peşəkar münsiflər heyətinin qiymətləndirməsi əsasında finala vəsiqə qazanan iştirakçılar yekun konsertdə çıxış etmək imkanı əldə ediblər.
Final iştirakçılarının çıxışları Xalq artistləri Gülyanaq Məmmədova, Samir Cəfərov, Təranə Muradova, Əməkdar incəsənət xadimləri Baba Vəziroğlu və Hafiz Quliyev, Əməkdar artist Rəşad Həşimov və ustad tarzən Arslan Növrəslinin də yer aldığı nüfuzlu münsiflər heyəti tərəfindən dəyərləndirilib.