İzmirdə Heydər Əliyev liseyində Ulu Öndərin xatirəsi anılıb
İstanbul, 11 may, AZƏRTAC
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar Türkiyənin İzmir vilayətində anım mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir İzmirin Aliağa rayonu üzrə Təhsil İdarəsi tərəfindən Heydər Əliyev adına Peşə və Texniki Anadolu Liseyində təşkil edilib.
Mərasimdə İzmir Aliağa rayonu üzrə kaymakamı Zekeriya Güney, bələdiyyə sədrinin müavini Mesut Öztürk, Jandarma komandiri, polkovnik Ali Göler, Polis İdarəsinin rəisi Ahmet Can, rayon üzrə milli təhsil müdiri Erdoğan Akyüz, Azərbaycan səfirliyinin təhsil müşaviri Nəcibə Nəsibova, İzmir milli təhsil müdirinin müavini Firdevs Çatalkaya və “SOCAR” Türkiyənin İctimaiyyətlə Əlaqələr Departamentinin direktoru Ebru Solhan iştirak ediblər.
Türkiyə ilə Azərbaycanın dövlət himnlərinin səsləndirilməsi ilə başlayan tədbirdə Ulu Öndər Heydər Əliyev və iki qardaş ölkənin şəhidlərinin xatirəsi yad edilib.
Mərasimdə çıxış edən Heydər Əliyev adına Peşə və Texniki Anadolu Liseyinin direktoru Mehmet Kasap, Zekeriya Güney və Nəcibə Nəsibova Ümummilli Lider Heydər Əliyevin zəngin irsi və onun Türk dünyasının birliyi üçün atdığı əvəzolunmaz addımlardan bəhs ediblər.
Azərbaycanın keçdiyi inkişaf yolu və Qarabağ Zəfərinə toxunan natiqlər bütün bunların Ulu Öndər tərəfindən atılan möhkəm təməllər üzərində inşa edildiyini, bu gün Türkiyə ilə Azərbaycan arasındakı müttəfiqlik səviyyəsinə çatan münasibətlərin məhz Ulu Öndərin başlatdığı uğurlu siyasətin davamı olduğunu vurğulayıblar.
Tədbir bədii hissə ilə davam etdirilib.