İDMAN


“DÇ-2018”: Son dünya çempionu Almaniya millisi mundiala məğlubiyyətlə başlayıb

Bakı, 17 iyun, AZƏRTAC

İyunun 17-də Rusiyada keçirilən futbol üzrə XXI dünya çempionatının dördüncü gününün ikinci oyununda “F” qrupunun ilk görüşü baş tutub.

AZƏRTAC xəbər verir ki, Moskvadakı "Lujniki" stadionunda mundialın favoriti sayılan dördqat dünya çempionu Almaniya Meksika millisi ilə üz-üzə qəlib.

Almaniya millisinin start heyətində meydana Manuyel Noyer, Jerom Boatenq, Mats Hummels, Yozua Kimmix, Marvin Plattenxardt, Sami Xedira, Toni Kros, Tomas Müller, Yulian Draksler, Məsut Özil, Timo Verner çıxıblar.

Meksika yığmasının ilk 11-liyində isə Qilyermo Ocoa, Uqo Ayala, Ektor Moreno, Karlos Solsedo, Xesus Qalyardo, Ektor Errera, Andres Quadrado, Karlos Vela, İrvinq Losano, Miqel Layun, Xavyer Hernandes yer alıblar.

Birinci dəqiqələrdə topa yiyələnən Almaniya millisi rəqib qapısı önündə bir neçə təhlükəli vəziyyət yaradıb. Buna baxmayaraq, oyunun autsayderi sayılan Meksika millisi qarşılaşmanın 35-ci dəqiqəsində rəqibini əks hücumda yaxalayaraq hesabı açıb. Hirvinq Lozano fərqlənib - 0:1. Birinci hissə bu hesabla başa çatıb.

Fasilədən sonra Almaniya millisinin baş məşqçisi Yoxan Löv bir neçə dəyişiklik eləsə də hesab dəyişilməyib. Beləliklə, Almaniya millisi mundiala məğlubiyyətlə başlayıb.

Qeyd edək ki, bu, komandaların dünya çempionatları çərçivəsində ikinci qarşılaşmasıdır. İyirmi il əvvəl - 1998-ci ildə səkkizdəbir final mərhələsindəki birinci oyunda Almaniya millisi meksikalılara 2:1 hesabı ilə qalib gəlmişdi. Almaniya komandası dörd dəfə - 1954-cü, 1974-cü, 1990-cı və 2014-cü illərdə dünya çempionu adını qazanıb. 1930-cu ildə keçirilmiş ilk dünya çempionatının iştirakçısı olan Meksika yığması mundiallarda indiyədək 16 dəfə yer alıb və ən yaxşı nəticəni 1970-ci və 1980-ci illərdə göstərərək dörddəbir final mərhələsinə qədər irəliləyə bilib. Bundan əlavə, 1970-ci və 1986-cı illərdə futbol üzrə dünya çempionatları Meksikada keçirilib. Meksika, həmçinin ABŞ və Kanada ilə birlikdə 2026-cı ildəki mundiala da ev sahibliyi edəcək.

Xatırladaq ki, "F" qrupunun digər qarşılaşması iyunun 18-də İsveç və Cənubi Koreya milliləri arasında olacaq. Oyun Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.