REGİONLAR
Gəncə bulvarı sakinlərin sevimli istirahət məkanına çevrilib VİDEO
Gəncə, 12 mart, Rauf Hacıyev, AZƏRTAC
Son günlərdə Gəncənin istirahət məkanlarının sırasına daha biri əlavə olunub. Belə ki, Gəncə çayının sahilində yenicə istifadəyə verilən Gəncə bulvarı gənclərin və şəhər sakinlərinin sevimli istirahət məkanına çevrilib.
AZƏRTAC xəbər verir ki, layihəyə uyğun olaraq görülən işlər çərçivəsində Gəncə çayının şəhər ərazisindən keçən hissəsində sahilbərkitmə işləri aparılıb. Çayın yatağı təmizlənib, məcrası isə yenidən qurularaq, hər iki tərəfdə ümumi uzunluğu 2,4 kilometr olan betondan istinad divarı çəkilib.
Çayın sağ sahilində ilkin olaraq 34 hektar ərazidə bulvar salınıb. İstirahət məkanında Bayraq meydanı, Mətbuat evi, Kitab evi, Uşaq Əyləncə və Ticarət Mərkəzi, “Əli və Nino” kompleksi, Saat qülləsi, kinoteatr, həmçinin müxtəlif restoran və kafelər istifadəyə verilib. Bulvarda fəvvarələr quraşdırılıb, sahil boyunca müxtəlif heykəllər qoyulub, ağaclar əkilib, çoxsaylı dekorativ çiçək və gül kollarından ibarət yaşıllıq salınıb. Vaxtilə Gəncə çayının sağ və sol hissəsini birləşdirən piyadalar üçün metal konstruksiyadan tikilmiş körpü yenidən qurularaq müasir vəziyyətə gətirilib.
Bulvarda velosipedçilər üçün xüsusi veloxəttin salınması şəhər gəncləri tərəfindən razılıqla qarşılanıb.
Qeyd edək ki, artıq Gəncə bulvarı gündüzlər olduğu kimi, axşamlar da gözoxşayan mənzərəsi və müasir elementləri ilə şəhər memarlığının ayrılmaz tərkib hissəsinə çevrilib.