Gömrükçülər narkotik vasitə və psixotrop maddə aşkarlayıblar
Bakı, 21 iyun, AZƏRTAC
Gömrükçülər narkotik vasitə və psixotrop maddə aşkarlayıblar.
Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, komitənin Əməliyyat-İstintaq Baş İdarəsinin Əməliyyat İdarəsinə Azərbaycan vətəndaşının İrandan narkotik maddə əldə edərək ölkəmizə gətirəcəyi barədə əməliyyat məlumatı daxil olub. Məlumat əsasında Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar gömrük postunda piyada gələn həmin şəxs saxlanılıb. Gömrük nəzarəti zamanı onun təqdim etdiyi bir ədəd qara rəngli sellofan torba və bir ədəd orta həcmli çantadakı yüklər yoxlanılıb. Bu zaman həmin çantalarda 6 ədəd üzərində “Tora Bıka cappuccino” yazılı paketlərin hər birinin içərisində yerləşdirilməklə gömrük nəzarətindən gizlədilmiş, ümumi xalis çəkisi 244,035 qram olan narkotik vasitə - heroin, eləcə də müxtəlif ərzaq məhsullarının qablaşdırıldığı 5 ədəd paketin içərisindən isə ümumi xalis çəkisi 484,153 qram olan psixotrop maddə - metamfetamin aşkarlanıb.
Xatırladaq ki, metamfetamin adlı preparat “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələrin I Siyahısı”na daxildir.
Faktla bağlı araşdırma aparılır.