CƏMİYYƏT
“Heydər Əliyev İli” çərçivəsində növbəti ağacəkmə tədbiri təşkil edilib








Bakı, 15 aprel, AZƏRTAC
Aprelin 15-də Azərbaycan Respublikası Maliyyə Nazirliyinin kollektivi tərəfindən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə təşkil olunan silsilə tədbirlər çərçivəsində Xəzər rayonunun Şüvəlan qəsəbəsində ərazinin torpaq-iqlim şəraitinə uyğun olan, dekorativ cəhətdən yaraşıqlı mindən çox həmişəyaşıl ağac əkilib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, hər bir ağaca yaxşı inkişafı və böyüməsi üçün mineral gübrələrin verilməsi, suvarma işlərinin aparılması ilə lazımi aqrotexniki qulluq göstərilib.
Ölkəmizdə ekologiyanın qorunması və ətraf mühitin sağlamlaşdırılmasına hər zaman böyük əhəmiyyət vermiş və diqqət göstərmiş Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini uca tutmaq, Ümummilli Liderin təbiətə, yaşıllıqlara qayğı ənənələrini yaşatmaq məqsədini daşıyan tədbir Maliyyə Nazirliyinin kollektivi tərəfindən cari ilin mart ayında Binəqədi rayonunun Xocəsən qəsəbəsində keçirilmiş tədbirin davamı olub.