İQTİSADİYYAT
Hökumət Evində Vətəndaşların Qəbulu Mərkəzinə 7 mindən çox vətəndaş müraciəti edilib
Bakı, 6 iyul, AZƏRTAC
Hökumət Evində fəaliyyət göstərən Vətəndaşların Qəbulu Mərkəzinə fəaliyyət göstərdiyi bir il ərzində 7 mindən çox vətəndaş müraciət edib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, müraciətlər əsasən insan hüquqlarının qorunması, dövlət satınalmaları, istehlakçıların müdafiəsi, əqli mülkiyyətin rəsmiləşdirilməsi, subsidiya, əmlak, su təminatı və digər məsələləri əhatə edib. Mərkəzdə vətəndaşların müraciətləri üzrə operativ məsələlər yerindəcə həll olunub, araşdırma tələb edən yazılı müraciətlər qeydiyyata alınaraq aidiyyəti üzrə yönəldilib.
Qeyd edək ki, Vətəndaşların Qəbulu Mərkəzində Hökumət Evi inzibati binasında yerləşən dövlət qurumlarının - Ombudsman aparatı, Mədəniyyət, İqtisadiyyat, Kənd Təsərrüfatı və Energetika nazirliklərinin, Əqli Mülkiyyət Agentliyinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin nümayəndələri təmsil olunur. Mərkəz vətəndaşların qəbulunun vahid və əlaqələndirilmiş şəkildə həyata keçirilməsi məqsədilə 2022-ci il 5 iyul tarixində fəaliyyətə başlayıb. Burada ümumi qəbul sahəsi, videoqəbul otaqları, aidiyyəti məsul şəxslər tərəfindən qəbul üçün xüsusi otaqlar, “Ana və uşaq otağı” fəaliyyət göstərir.