ELM VƏ TƏHSİL
“İlin ən yaradıcı layihəsi” müsabiqəsinin qalibi müəyyənləşib
Bakı, 27 yanvar, AZƏRTAC
Bakıdakı “Cahan” uşaq bağçasının müəllimi Səbinə Rəhimovanın “Mən dünyanın bir parçasıyam” layihəsi “eTwinning” üzrə təşkil edilən “İlin ən yaradıcı layihəsi” müsabiqəsinin qalibi olub.
Bu barədə AZƏRTAC-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, layihənin rəhbəri Səbinə Rəhimova Türkiyə, Yunanıstan, Gürcüstan, Rumıniya, Albaniya, Estoniya, Litva, Bolqarıstan kimi ölkələrin müəllimləri ilə əməkdaşlıq edəcək. Onlar 3-7 yaş qrupu ilə araşdırmalar aparacaqlar. Beynəlxalq təhsil modelində şagirdlər sual vermək, problemli situasiyada qərar qəbul etmək, tənqidi və analitik düşüncə kimi həyati bacarıqlara yiyələnərək ətraf mühiti tanımağı öyrənəcəklər.
Qalib seçilmiş layihə rəhbəri növbəti tədris ilində Avropada təşkil olunacaq beynəlxalq təlimdə seçim mərhələsinə qoşulmadan iştirak hüququ qazanaraq xarici həmkarları ilə üzbəüz bilik mübadiləsi etmək şansı qazanıb.
Qeyd edək ki, müsabiqənin əsas məqsədi “eTwinning” layihəsi çərçivəsində Avropanın azı 3 ölkəsinin iştirak etdiyi beynəlxalq ortaq təhsil layihəsinin qurulması və ölkələrarası əməkdaşlığın inkişaf etdirilməsidir.