İQTİSADİYYAT


Komitə: Torpaqlardan 140 qeyri-qanuni istifadə halı aşkarlanıb

Bakı, 21 avqust, AZƏRTAC

Torpaqlardan 140 qeyri-qanuni istifadə halı aşkar edilib.

Əmlak Məsələləri Dövlət Komitəsindən (ƏMDK) AZƏRTAC-a bildirilib ki, ƏMDK tərəfindən torpaqlardan düzgün istifadə ilə bağlı monitorinqlər keçirilir. Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına əsasən, komitə tərəfindən torpaqlardan düzgün istifadə, qanunsuz tikintilərin qarşısının alınması ilə bağlı tədbirlər görülür. Belə ki, son dövrlər ƏMDK tərəfindən mütəmadi olaraq kommunikasiya xətləri və mühafizə zonalarında yerləşən torpaqlardan düzgün istifadə ilə bağlı monitorinqlər aparılır. Keçirilən monitorinqlər zamanı bir sıra hallarda yüksəkgərginlikli elektrik xətlərinin mühafizə zolaqlarında yerləşən torpaqların qanunazidd istifadəsi, icazəsiz tikinti işlərinin aparılması faktlarına rast gəlinir. Qeyri-qanuni istifadə halları müəyyən edilir, torpaqlardan əsassız istifadənin qarşısı dərhal alınır.

Son bir ay ərzində aparılmış monitorinqlər nəticəsində kommunikasiya xətlərinin mühafizə zolaqlarında torpaqlardan 140 qeyri-qanuni istifadə halı qeydə alınıb. Artıq 25 hal barədə daxili işlər orqanlarına müraciətlər olunub. Ümumilikdə respublika üzrə aparılan monitorinqlər nəticəsində 400-ə yaxın qeyri-qanuni torpaq istifadəsi halları ilə bağlı sənədlər hüquq-mühafizə orqanlarına təqdim edilib. Bu istiqamətdə tədbirlər davam etdirilir.

Belə hallardan biri də Abşeron rayonu, Hökməli kəndi ərazisində müşahidə edilib. Belə ki, həmin ərazidə yüksəkgərginlikli elektrik xətlərinin mühafizə zolaqlarında yerləşən torpaqlarda qeyri-qanuni tikintilərin inşası qeydə alınıb. Məlum olub ki, tikinti işləri Torpaq Məcəlləsinin və “Torpaq icarəsi haqqında” Qanunun müvafiq maddələrinin tələblərini pozur. ƏMDK-nın müfəttişlərinin Abşeron Rayon İcra Hakimiyyətinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, Daxili İşlər Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin nümayəndələrinin Hökməli kəndində birgə apardığı monitorinq nəticəsində həmin tikililərin inşası dayandırılıb.

Monitorinqlər zamanı aşkar edilən hallar vətəndaşların həyatı üçün təhlükə mənbəyi olmaqla yanaşı, mülkiyyət hüquqlarının həyata keçirilməsində də çətinliklər yaradır. Eləcə də, qanunsuz tikintilərin mühafizə zolaqlarında aparılması həmin kommunikasiya xətlərinə cavabdeh olan təşkilatların fəaliyyətində də problemlər yaradır. Bununla əlaqədar, həmin təşkilatlara komitə tərəfindən rəsmi müraciətlər olunub, Nazirlər Kabinetinə məktub ünvanlanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.