REGİONLAR
Leyla Məmmədova: Fermer qadınlar “AFAQ” layihəsinə qoşulmaqla öz təsərrüfatlarını genişləndirə biləcəklər
Şəki, 4 mart, Mustafa Dadaşov, AZƏRTAC
Arıçılıq bir ailə peşəsi, ailəvi məşğuliyyət sahəsidir. Son illər ölkəmizdə arıçılığın inkişafına dövlət tərəfindən çox böyük dəstək göstərilir, fermerlərə subsidiyalar verilir. Bu dəstəyin nəticəsidir ki, Azərbaycanda bal və digər arıçılıq məhsullarının istehsalı ildən-ilə artır. Sevindirici haldır ki, bəzi arıçılarımız öz məhsullarını daxili bazarla yanaşı, artıq xarici bazarlara da çıxarırlar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri “Aqrar Tədarük və Təchizat” ASC İdarə Heyətinin sədri Leyla Məmmədova Şəkidə jurnalistlərə müsahibəsində deyib.
Qurum rəsmisi bildirib ki, arıçılıq sahəsində görülən işlərə dəstək məqsədilə “Aqrar Tədarük və Təchizat” ASC BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı ilə birgə PAŞA Holdinqin tərəfdaşlığı ilə “AFAQ” layihəsinə start verib. 8 mart - Beynəlxalq Qadınlar Günü ərəfəsində Şəkidə reallaşan bugünkü tədbir arıçılıqla məşğul olan qadın fermerləri əlamətdar bayram münasibətilə təbrik etmək, eyni zamanda, layihəyə qoşulmağın üstünlükləri barədə onları maarifləndirmək məqsədi daşıyır. Fermer qadınlar “AFAQ” layihəsinə qoşulmaqla öz təsərrüfatlarını daha da genişləndirə biləcəklər.
Leyla Məmmədova bildirib ki, regionlarda yaşayan, arıçılıqla, həmçinin kənd təsərrüfatının digər sahələri ilə məşğul olmaq istəyən xanımlar Afaq.az saytı vasitəsilə qeydiyyatdan keçə bilərlər. Qeydiyyatdan keçəndən sonra onlar təlimlərə cəlb ediləcəklər. Təlimləri uğurla başa vuran xanımlara zəruri avadanlığın verilməsi təmin olunacaq.