MƏDƏNİYYƏT
MEDİA TƏƏSSÜBKEŞLƏRİ TƏLTİF OLUNDU
Mətbuatla uzunmüddətli səmərəli ünsiyyətə, elmi, ədəbi-bədii, publisistik yaradıcılıqlarında vətəndaşlıq mövqeyinə və sənətkarlıq uğurlarına görə bir qrup fəal media təəssübkeşinə və əməkdaşına KİV İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin mükafatlarının təqdimat mərasimi keçirilmişdir.
Komitənin sədri yazıçı Oqtay Salamzadə AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, Milli Məclisin deputatı, tarix elmləri doktoru Yaqub Mahmudov, əməkdar müəllim, yazıçı-publisist Şəfiqə Əliyeva, şairə Xuraman Vəfa, tarix elmləri doktoru Namiq Axundov, filologiya elmləri doktoru Qaley Allahverdiyev, xarici işlər nazirinin müşaviri Vəhdət Sultanzadə, “Respublika” qəzeti baş redaktorunun müavini Nərgiz Qurbanova “Qızıl qələm”, fəlsəfə elmləri doktoru Maqsud Cəlilov, iqtisad elmləri namizədi Kərimxan Məmmədov “Azərbaycan bayrağı”, Milli Məclisin deputatı, YAP icra katibinin müavini Bahar Muradova “Xan qızı Natəvan”, şairə Fəridə Hacıyeva isə “Araz” ali ədəbi mükafatlarına layiq görülmüşlər. Mərasimdə həmçinin MEA-nın müxbir üzvü, Rusiya Tibb Elmləri Akademiyasının həqiqi üzvü Namiq Əliyev əməkdar müəllim Şəfiqə Əliyevaya Milli Tibbi Profilaktika Elmi Tədqiqat İnstitutu elmi şurasının fəxri üzvlüyünün diplomunu təqdim etmişdir.