İQTİSADİYYAT
NAXÇIVAN ŞƏHƏRİNDƏKİ “TƏBRİZ” MEHMANXANASI YENİDƏNQURMADAN SONRA İSTİFADƏYƏ VERİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, “Nəqşicahan Holdinq LTD” Şirkətlər Qrupuna daxil olan “Təbriz” mehmanxanasının açılış mərasimi olmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov açılışı bildirən lenti kəsmişdir.
Muxtar Respublikanın iqtisadi inkişaf naziri Famil Seyidov regionda sahibkarlıq fəaliyyəti, “Təbriz Mehmanxanası” Açıq Səhmdar Cəmiyyəti haqqında məlumat vermişdir.
Vasif Talıbov Azərbaycan Respublikasında iqtisadiyyatın, xüsusilə regionların inkişafının bu gün dövlətimizin prioritet məsələlərindən biri olduğunu vurğulamış, özəl investisiyadan istifadə etməklə, beynəlxalq standartlara uyğun şəkildə yenidən qurulub istifadəyə verilən bu mehmanxanada muxtar respublikamıza gələn turistlərə və qonaqlara hərtərəfli və nümunəvi xidmət göstəriləcəyinə inandığını demişdir. Dördulduzlu mehmanxanada 181 yerlik 95 otaq vardır. Onlardan 50-si lüks, 45-i yarımlüksdür.
Burada toy mərasimləri və ad günləri keçirmək üçün 550 nəfərlik böyük zal, 100 nəfərlik kiçik zal, iclas, toplantı, konfrans və s. keçirmək üçün 250 nəfərlik akt zalı, bilyard, tennis salonu, səsyazma studiyası, internet mərkəzi, iaşə, kommunal və məişət xidməti obyektləri fəaliyyət göstərir.