REGİONLAR
Sabirabadın bostan sahələrindən 129 min tondan çox məhsul yığılıb
Sabirabad, 21 avqust, Mahir Babayev, AZƏRTAC
Sabirabadda bostan məhsullarının yığımı yekunlaşmaq üzrədir. Məhsul istehsalçıları əkdikləri bostan sahələrindən ilin yeddi ayı ərzində 129 min 643,6 ton məhsul toplayıblar.
Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, sabirabadlı əkinçilər bu mövsüm 3 min 950 hektar sahədə bostan bitkiləri əkiblər. Bunun da 3 min 300 hektarını qarpız, 650 hektarını isə yemiş sahəsi təşkil edir. Torpaq mülkiyyətçiləri əkdikləri sahələrə aqrotexniki qaydada qulluq etdiklərindən əkin sahəsindən gözlənildiyindən də çox məhsul yetişib. Xeyli vaxtdır ki, fermerlər becərdikləri sahələrin məhsulunu toplayırlar. İlin ötən ayları ərzində bostançılar 3 min 945 hektar əkin sahəsindən 115 min 435,5 ton qarpız, 14 min 208,1 ton yemiş tədarük ediblər. Qarpız sahələrinin hər hektarının məhsuldarlığı 220.3, yemiş sahələrində isə 249.8 sentner olub.
Təsərrüfatlarda bostan məsulları yığımı yaxın günlərdə başa çatacaq. Məhsul istehsalçıları tədarük olunan məhsulu əsasən Bakı, Sumqayıt və digər iri şəhərlərin bazarlarına göndərirlər.