İQTİSADİYYAT
Səfir: Azərbaycan sahibkarları Özbəkistan iqtisadiyyatını fəal investisiyalaşdıra bilər
Bakı, 21 fevral, AZƏRTAC
Azərbaycan sahibkarları Özbəkistan iqtisadiyyatını fəal investisiyalaşdıra bilər.
“Caspian European Club”dan AZƏRTAC-a bildirilib ki, bu sözləri Özbəkistanın Azərbaycandakı səfiri Şerhod Fayziyev klub tərəfindən təşkil edilən “CEO Lunch Baku”da deyib.
Səfir Özbəkistan-Azərbaycan münasibətlərinin ticari-iqtisadi və investisiya da daxil olmaqla müxtəlif sahələr üzrə inkişafını müsbət qiymətləndirib. Ş.Fayziyev Özbəkistanda iqtisadiyyatın modernləşməsi, struktur yenidənqurması və valyuta liberallaşması üzrə beşillik fəaliyyət strategiyası çərçivəsində həyata keçirilən tədbirlər barədə danışıb.
O, Özbəkistan hökumətinin investorların dəstəklənməsi istiqamətində göstərdiyi səylər, həmçinin onlar üçün tətbiq edilən güzəşt və imtiyazlar, ölkədə mövcud olan və yaradılan azad iqtisadiyyat zonası, sənaye zonaları və digər məsələlər barədə ətraflı məlumat verib.
“CEO Lunch Baku”da fəxri qonaq qismində iştirak edən Özbəkistanın tikinti nazirinin müavini Erkin İsgəndərov Azərbaycan sahibkarlarını Özbəkistan bazarındakı fəaliyyəti gücləndirməyə səsləyib. Bildirib ki, birgə təcrübənin öyrənilməsi və əməkdaşlığın inkişafı məqsədilə Daşkənddən Bakıya yüksək vəzifəli şəxslərdən ibarət nümayəndə heyəti səfər edib. Nümayəndə heyətinin tərkibinə Nazirlər Kabineti Aparatının, Baş Prokurorluğun, Tikinti Nazirliyinin, “UzshakharsozlukLITI” dövlət unitar müəssisəsinin, “ToshyuljoyLITI” SC, “Uzmahsusmontajkurilish” SC, “Uzshaharkurilishinvest” ASC-in nümayəndələri daxildir. Görüş zamanı Azərbaycan tərəfi ilə tikinti sektorunda əməkdaşlığın qurulması və inkişafı ilə bağlı məsələlər müzakirə edilir.