REGİONLAR
Şəmkirdə barama tədarükünə görə Mahmudlu kənd kümçüləri birincidir
Şəmkir, 21 iyun, Rauf Hacıyev, AZƏRTAC
Baramaçılığın inkişafı Şəmkirdə kənd təsərrüfatının diqqət ayrıldığı əsas sahələrindən biridir. Ötən il əldə edilən yüksək məhsuldarlıq kümçüləri bu il daha çox məhsul istehsal etməyə sövq edib. Bunun nəticəsidir ki, rayon kümçüləri arasında barama istehsalına görə rəqabət artıb. Rayonun müxtəlif kənd və qəsəbələrində kümçülər artıq məhsullarını təhvil verməyə başlayıblar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, cari ildə Mahmudlu kəndindən olan kümçülər plan üzrə yüz faizdən yuxarı nəticə göstərərək birinci olublar.
Qeyd edək ki, yaş barama istehsalı dövlət tərəfindən subsidiyalaşdırılır. Kümçülər yaş baramanın hər kiloqramını 4 manatdan “Azəripək” MMC-yə təhvil verirlər. Dövlət əlavə olaraq hər kiloqram yaş barama istehsalına görə fermerlərə 5 manat subsidiya ödəyir. Ümumilikdə fermer təhvil verdiyi hər kiloqram yaş baramaya görə 9 manat alır.