Tallində Azərbaycan Günü təşkil edilib
Bakı, 12 noyabr, AZƏRTAC
Estoniyanın paytaxtı Tallin şəhərində yerləşən Arte gimnaziyasında Bayraq Gününə həsr olunmuş Azərbaycan Günü təntənəli şəkildə keçirilib.
AZƏRTAC xəbər verir ki, Estoniyada fəaliyyət göstərən Karyera Təhsil Akademiyasının təşkilatçılığı ilə keçirilən tədbirdə Azərbaycana həsr olunmuş təqdimat baş tutub. Təşkil olunan təqdimatda 11 və 12-ci siniflərin 200-ə yaxın şagirdi, məktəbin rəhbərliyi və müəllimləri iştirak ediblər. Tədbirdə Karyera Təhsil Akademiyasının rəhbəri Sənəm Əliyeva iştirakçıların suallarına cavab verib.
Sonra Heydər Əliyev Fondunun sifarişi ilə çəkilən “Azerbaijan-land of fire” filminin nümayişi olub.
Daha sonra tədbir milli mətbəximizin nümunələrinə həsr olunmuş ustad dərsləri ilə davam etdirilib. Gimnaziyanın şagirdləri milli mətbəximizin nümunələri olan dolma və şəkərbura hazırlanması prosesində iştirak ediblər.
Tədbirin sonunda Arte gimnaziyanın kitabxanasına Azərbaycana həsr olunmuş ingilis dilli kitablar təqdim olunub.
Qeyd edək ki, tədbir Estoniya Təhsil və Elm Nazirliyinin maliyyə dəstəyi və Karyera Təhsil Akademiyasının təşkilatçılığı ilə baş tutub.