Vasif Eyvazzadə: Şəkinin Ümumdünya İrs Siyahısında yer alması mədəniyyətimizə verilən dəyərdir
Şəki, 7 iyul, Mustafa Dadaşov, AZƏRTAC
Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzinin iki il əvvəl UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi Azərbaycan xalqının mədəniyyətinə, tarixinə və irsinə verilən bir dəyərdir. UNESCO-nun əsas şərtlərindən biri ondan ibarətdir ki, həmin tarixi məkan, tarixi irs müstəsna universal dəyərə malik olsun. Eyni zamanda, bu irs insan sivilizasiyasının yaradıcı dühasını ehtiva etməlidir və bu ənənələr gələcək nəsillərə çatdırmalıdır. Bu kontekstdə, Şəki Xan Sarayı və Şəkinin tarixi mərkəzi Azərbaycan xalqının, dünya mədəniyyətinin tarixində çox mühüm rol oynayır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirləri Mədəniyyət Nazirliyinin Aparat rəhbəri Vasif Eyvazzadə Şəki Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzinin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil olunmasına dair sertifikatın təqdim edilməsi münasibətilə keçirilən tədbirdə jurnalistlərə açıqlamasında söyləyib.
Qurum rəsmisi qeyd edib ki, dünyada milyonlarla mədəni tarixi abidə, çoxsaylı tarixi mərkəzlər var. Lakin onlardan yalnız 1121-i Ümumdünya İrs Siyahısına daxil edilib. Bu siyahıda Şəkinin tarixi mərkəzinin yer alması Azərbaycan mədəniyyətinin dünya miqyasında tanınması deməkdir, eyni zamanda, xalqımızın çoxəsrlik tarixinin göstəricilərindən biridir. Ümumdünya İrs Siyahısına daxilolma Şəkidə turizmin inkişafına töhfə verəcək, insanların maddi rifahının yüksəlməsinə müsbət təsir göstərəcək.