Xalq artisti Zəhra Quliyevanın yubileyinə həsr olunmuş konsert təşkil edilib
Bakı, 9 aprel, AZƏRTAC
Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Azərbaycanın Xalq artisti, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, tanınmış skripka ifaçısı Zəhra Quliyevanın yubileyinə həsr olunmuş təntənəli konsert keçirilib.
AZƏRTAC xəbər verir ki, konsert musiqiçinin çoxillik yaradıcılıq fəaliyyətinin bir növ yekunu idi.
Konsertdə Azərbaycanın Əməkdar artisti Fuad İbrahimovun dirijorluğu ilə Azərbaycan Dövlət Simfonik Orkestrinin, professor Z.Quliyevanın sinfinin tələbələri, məzunlarının və təbii ki, günün qəhrəmanının özünün çıxışları tamaşaçıların qəlbini fəth etdi.
Dünya musiqi klassiklərinin görkəmli korifeyləri N.Hess, İ.Brams, D.Şostakoviç, P.Çaykovski, İ.Yoxov, A.Piazzolla və P.Sarasatenin parlaq, virtuoz əsərləri Zəhra Quliyevanın, beynəlxalq müsabiqələr laureatları Nəzrin Aslanlı, Fəridə Rüstəmova, Cəmilə Qarayusifli, Xədicə Mirqulamlı, Şükufə Rəsulova, BMA-nın tələbəsi Osman Mustafazadə, eləcə də uzun illər Xalq artistinin rəhbərlik etdiyi “Detaşe” skripka ansamblının ifasında səsləndirilib.
Sonda professor Z.Quliyeva tədbirin keçirilməsinə şərait yaradan hər kəsə öz dərin minnətdarlığını bildirdi.