REGİONLAR


Xarici ölkələrin ekspertləri Füzulidə

Füzuli, 7 dekabr, Tahir Ağaməmmədov, AZƏRTAC

Dekabrın 8-də UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası, Dövlət Turizm Agentliyi, ICOMOS Azərbaycan Milli Komitəsi, ICOM Azərbaycan Milli Komitəsi və ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı ilə “Mədəni sərvətlərin qorunmasında UNESCO Konvensiyalarının rolu və onların tətbiqinin təkmilləşdirilməsinin aspektləri” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, beynəlxalq konfransın iştirakçıları - ICOMOS-un (UNESCO yanında Abidələr və Tarixi Yerlər üzrə Beynəlxalq Komissiyası) vitse-prezidenti Zeynəb Gül Ünal, təşkilatın Suriya və İraqda mədəni irsin qorunması üzrə işçi qrupunun sədri Samir Abdulac və ICOMOS Pakistan Milli Komitəsinin prezidenti Fauzia Husain Qureshi, ICOM-ICME prezidenti Ralf Çeplak Mençin olmaqla, ümumilikdə, 10 xarici ölkədən 20-yə yaxın ekspert Ermənistanın işğalından azad edilmiş Füzuli rayonunda olublar.

Nümayəndə heyətini Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin böyük məsləhətçisi Araz İmanov, UNESCO üzrə Milli Komissiyanın, ICOMOS Azərbaycan Milli Komitəsinin, ICOM Azərbaycan Milli Komitəsinin, ADA Universitetinin nümayəndələri müşayiət ediblər.

Əvvəlcə Qaraxanbəyli kəndinə gələn qonaqlara məlumat verilib ki, erməni vandalizmi nəticəsində kənd və buradakı məzarlıq məhv edilib. Erməni barbarlığına şahid olan qonaqlar, həmçinin Ermənistan tərəfindən ərazilərin minalarla çirkləndirilməsi, bu istiqamətdə aparılan təmizləmə işləri barədə də məlumatlandırılıblar.

Qonaqlar sonra Merdinli kəndində erməni barbarlığı ilə tanış olublar. Bildirilib ki, erməni vandalları işğal etdikləri digər şəhər və kəndlər kimi Merdinli kəndini də talayıb, Yer üzündən siliblər. Bütün evlər, sosial obyektlər dağıdılıb, təsərrüfatlar məhv edilib. Düşmən Merdinli kəndindəki məsciddən mal-qara tövləsi kimi istifadə etməklə, azərbaycanlılara qarşı öz nifrətlərini nümayiş etdiriblər. Kənd qəbiristanlığı da erməni vandalizminə məruz qalıb - məzarlar dağıdılıb, məzar daşları uçurulub.

Sonra Füzuli şəhərinin mərkəzinə gələn qonaqlara ermənilərin işğal zamanı burada törətdikləri vəhşiliklər barədə məlumat verilib. Bildirilib ki, Füzuli şəhəri və rayonun kəndləri tamamilə viran edilib, yaşayış binaları ilə bərabər, tarixi-mədəni abidələr də dağıntılara məruz qalıb. Rayonun təbiəti - ağaclar və yaşıllıqlar, su mənbələri, o cümlədən kəhriz və bulaqlar məhv edilib.

Sonda Füzuli Beynəlxalq Hava Limanına gələn nümayəndə heyətinə məlumat verilib ki, 44 günlük Zəfər yürüşü zamanı azad edilən torpaqlarda Azərbaycan dövləti tərəfindən irimiqyaslı layihələr həyata keçirilir, tikinti-quruculuq işləri aparılır. Belə layihələrdən biri də Füzuli, Zəngilan və Laçın hava limanlarının inşasıdır. Artıq Füzuli və Zəngilan Beynəlxalq hava limanlarının inşası başa çatıb. Burada görülən bütün işlər beynəlxalq norma və standartlara uyğun şəkildə həyata keçirilib. Hava limanları xarici ölkələrdən təyyarələr qəbul edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.