CƏMİYYƏT


Yanan meşə sahələrində payız mövsümündə ağaclar əkiləcək

Bakı, 21 avqust, AZƏRTAC 

Yanan meşə sahələrinin hamısında payız mövsümündə ağaclar əkəcək, yanan ərazilərin tez bir zamanda bərpa olunmasına çalışacağıq.

Bu barədə AZƏRTAC-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova məlumat verib.

Nazirliyin mətbuat xidmətinin rəhbəri bildirib ki, dünyanın bir çox yerlərində meşə yanğınları tüğyan edir, nəticədə insan tələfatı baş verir, minlərlə hektar meşə sahəsi insanların səhlənkarlığı, məsuliyyətsizliyi ucbatından məhv olur.

“Azərbaycanda belə genişmiqyaslı yanğınlar baş verməsə və insan tələfatı qeydə alınmasa da bütün vətəndaşları ehtiyatlı olmağa, yanğın təhlükəsizliyi qaydalarına həssas yanaşmağa çağırırıq. Çünki meşə yanğınlarının səbəbləri ilə bağlı mütəxəssislərin apardığı təhlillər və monitorinqlər göstərir ki, yanğın hadisələrinin çox böyük əksəriyyəti insanların səhlənkarlığı, odla ehtiyatsız davranışı ucbatından və bəzi hallarda bilərəkdən, qəsdən törədilməklə baş verir. Bu cür etinasızlıq, yaxud qəsdən yanğının törədilməsi dövlət büdcəsinə milyonlarla zərər vurur. Biz belə halların azalması və ümumiyyətlə, baş verməməsi üçün təxirəsalınmaz tədbirlər görürük və bundan sonra da görəcəyik. Təəssüf ki, bəziləri təbiətdə olarkən yanğın təhlükəsizliyi qaydalarına əməl etmir və olacaqları düşünmürlər.

İki gündür isti havada gecə-gündüz həyatlarını təhlükəyə ataraq alovun söndürülməsində fəal iştirak edənlərə minnətdarlığımızı bildiririk.

Meşə sahələri ən qiymətli milli təbii sərvətimizdir. Təbiətin bu qiymətli nemətini qorumaq hər birimizin borcu olmalıdır”, - deyə İ.İbrahimova qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.