ZƏHRA TAHİR QIZI QULİYEVA
Zəhra Quliyeva 1923-cü il yanvarın 18-də Bakı şəhərində anadan olmuşdur. O, 1940-cı ildə Bakının 132 nömrəli məktəbini bitirərək, Azərbaycan Tibb İnstitutuna qəbul olunmuşdur. Təhsilini əla qiymətlərlə başa vuran Zəhra Quliyeva Tibb İnstitutunun göz xəstəlikləri kafedrasında ordinator vəzifəsində saxlanılmışdır. O, ömrünün sonunadək həmin kafedrada müxtəlif vəzifələrdə çalışmaqla həyatını bu kafedra ilə bağlamış, 1975-ci ildən isə kafedra müdiri vəzifəsində işləmişdir. 1971-ci ildə Tibb İnstitutuna tədris hissə üzrə prorektor vəzifəsinə təyin olunan Zəhra Quliyeva yüksək ixtisaslı kadrların hazırlanması ilə bağlı genişmiqyaslı fəaliyyət göstərməyə başlamışdır. 1972-1983-cü illərdə Azərbaycan Tibb İnstitutunun rektoru vəzifəsində çalışan Zəhra xanım gənc kadrların yetişdirilməsində göstərdiyi səylərinə görə tibb ictimaiyyətinin hörmət və ehtiramını qazanmışdır. O, 1975-ci ildən Azərbaycan Oftalmologiya Cəmiyyətinin sədri seçilmişdir.
Zəhra Quliyeva 1958-ci ildə namizədlik, 1967-ci ildə isə doktorluq dissertasiyasını müdafiə etmişdir. Onun rəhbərliyi altında onlarca gənc namizədlik dissertasiyası müdafiə etmişdir. Zəhra Quliyeva oftalmologiyanın problemlərinə həsr edilmiş 4 monoqrafiyanın, 200-dək elmi məqalənin müəllifidir. Son dövrlər respublikamızda yetişən oftalmoloqların böyük bir nəsli Zəhra xanımın “Göz xəstəlikləri” kitabından mötəbər bir mənbə kimi istifadə etmişdir. Zəhra Quliyeva dünyanın bir çox ölkəsində müxtəlif beynəlxalq konfrans və simpoziumlarda iştirak etmişdir.
O, 1998-ci ildən ömrünün sonunadək Azərbaycan Respublikasının Qadın Problemləri üzrə Dövlət Komitəsinin sədri vəzifəsində çalışmışdır. Zəhra Quliyeva Azərbaycanda qadın hüquqlarının müdafiəsi, gender bərabərliyi, qadınlara qarşı bütün növ ayrı-seçkiliyin ləğvi və digər qadın problemləri ilə bağlı BMT-nin mötəbər məclislərində ölkəmizi layiqincə təmsil etmişdir.
Zəhra Quliyeva respublikamızın ictimai həyatında da fəal iştirak etmişdir. O, dəfələrlə SSRİ Ali Sovetinin, rayon və Bakı şəhər sovetlərinin deputatı seçilmişdir. Zəhra xanımın dövlət və xalq qarşısında xidmətləri yüksək qiymətləndirilmişdir. O, bir çox mükafatlara layiq görülmüş, müstəqil Azərbaycan Respublikasının ali mükafatı olan “Şöhrət” ordeni ilə təltif edilmişdir.
Tanınmış alim, ictimai xadim, bacarıqlı təşkilatçı və təvazökar insan Zəhra Quliyevanın əziz xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.
Allah rəhmət eləsin!
İlham Əliyev, Murtuz Ələsgərov,
Artur Rasizadə, Ramiz Mehdiyev,
Elçin Əfəndiyev, Hacıbala Abutalıbov,
Fatma Abdullazadə, Oqtay Şirəliyev,
Əhliman Əmiraslanov, Mirməmməd Cavadzadə,
Ədilə Namazova, Böyükkişi Ağayev,
Dilruba Camalova, Möminat Ömərova,
Sədaqət Qəhrəmanova
X X X
Mərhumun cənazəsi vidalaşmaq üçün 2005-ci il noyabrın 29-da saat 13-dən 15-ə kimi Azərbaycan Tibb Universitetinin böyük akt salonunda qoyulacaqdır (Mərdanov qardaşları küçəsi, 100).