® “Azercell” COVID-19-la mübarizədə növbəti xeyriyyə aksiyasına qoşulub
“Azercell Telekom” MMC koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə ehtiyacı olan insanlara qayğı və dəstək məqsədilə növbəti xeyriyyə aksiyasına qoşulub. “BEAT Group” ilə birgə keçirilən aksiya çərçivəsində “Azercell” abunəçiləri karantin günlərində aztəminatlı ailələr üçün müxtəlif təamların hazırlanıb çatdırılmasına yardım edə bilərlər.
Xeyriyyə aksiyasında iştirak edən “Azercell” abunəçiləri öz balansından 1 AZN, 5 AZN və ya 9 AZN məbləğində vəsaiti ianə etməklə COVID-19 virusu ilə bağlı yaranmış vəziyyətdə maddi çətinliklər çəkən vətəndaşlara kömək etmiş olacaqlar. Belə ki, yığılan məbləğin müqabilində lazım olan ərzaqlar alınaraq müxtəlif yeməklər hazırlanacaq və könüllülər tərəfindən aztəminatlı ailələrə çatdırılacaq.
Xeyriyyə təşəbbüsünə qoşulmaq üçün “5595” qısa nömrəsinə ianə edilən məbləği (1, 5 və ya 9) mesaj vasitəsilə yazıb göndərmək lazımdır, yaxud “https://evdeq.al/” saytındakı formu doldurmaqla həmin təşəbbüsü dəstəkləmək olar. Saytdakı “Hesabat” bölməsinə keçid edərək “Azercell” abunəçisi ianə edənlərin siyahısında nömrəsinin son 3 rəqəmini və ianə edilən məbləği görə bilər, həmçinin burada ianələrin xərclənməsinə nəzarət etmək, foto və video hesabatlarla tanış olmaq da mümkündür.
Ölkənin ən böyük telekommunikasiya şirkətlərindən olan “Azercell” elə ilk gündən Azərbaycan dövlətinin koronavirusla mübarizə istiqamətində atdığı addımları aktiv şəkildə dəstəkləyir. Mobil operator ölkəmizdə koronavirus infeksiyasına qarşı preventiv addımlar atılması və mübarizə tədbirlərinin gücləndirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna 2 milyon manat ayırıb.
Şirkət, həmçinin İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin “qaynar xətt”inə (1542) pulsuz zəngləri təmin edən ilk mobil operator olmaqla yanaşı, hazırda Azərbaycanla nəqliyyat əlaqələri məhdudlaşdırılmış ölkələrdə olan və rominq xidmətindən istifadə edən abunəçilərin balansına 50 manat məbləğində pul vəsaiti də yükləyib.
“Azercell” istifadəçiləri üçün “Mobil Ödəmə” xidməti vasitəsilə Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə etmək imkanı yaradıb. Şirkət 65 yaşdan yuxarı olan abunəçilərinə Mobil Müştəri Xidmətini təmənnasız göstərərək onlara bəzi xidmətlərdən evlərini tərk etmədən yararlanmaq imkanı da təqdim edib.
Dövlətin koronavirus infeksiyasının yayılmasının qarşısının alınması və onunla mübarizə sahəsində sosial izolyasiya tədbirlərinə dəstək məqsədilə “Azercell” şirkəti tərəfindən Regional İnkişaf İctimai Birliyi (RİİB) ilə birlikdə 5728 aztəminatlı ailəyə sovqat verilib.
“Azercell” koronavirusla mübarizənin ön cəbhəsində olan, həyatlarını riskə ataraq fədakarlıqla öz vəzifə borclarını yerinə yetirən tibb işçilərimizə də rabitə dəstəyi göstərib. Belə ki, “Azercell” öz abunəçiləri ilə digər iki operatorun abunəçiləri arasında heç bir fərq qoymadan yüksək məsuliyyətli iş başında olan 600-dən çox tibb işçisinin hər birinin balansına 50 AZN həcmində məbləğ yükləyib.
Bundan əlavə, “Azercell” media kanalları vasitəsilə yayımladığı videoçarxda xalqımızı həmrəy olub möhkəm dayanmağa, əzizlərimizə və doğmalarımıza dəyər verməyə, evdə olmağa səsləyib. Şirkət, eyni zamanda, bu çətin və həssas günlərdə “Busuu” - dil öyrənmə tətbiqində qoşulmaya 50 faiz endirim, “Zvuk” musiqi tətbiqində isə mobil internet trafikindən pulsuz istifadə kampaniyaları təqdim edib.
COVID-19 infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə ölkədə elan olunmuş karantin rejimi ərzində “Azercell” şirkəti ölkə vətəndaşlarına və öz istifadəçilərinə dəstəyi, onlar üçün müxtəlif sosial aksiyaların keçirilməsini davam etdirəcək.
Daha ətraflı məlumat üçün “[email protected]” ünvanına müraciət edə bilərsiniz.