İQTİSADİYYAT
® “Azercell” il ərzində regionlarda 4G şəbəkəsini 364 faiz artırıb
Beynəlxalq araşdırmalara əsasən, “Azercell Telekom”un LTE şəbəkəsi ən yüksək keyfiyyət nümayiş etdirir.
Azərbaycana yeni bağlantı erasını vəd edən və bu məqsədlə dünyanın yeni texnoloji nailiyyətlərini ölkədə ilk olaraq tətbiq edən “Azercell Telekom” 2019-cu il ərzində ölkə üzrə yüksəksürətli mobil internetin əhatəsini 364 faiz genişləndirdi. Hazırda ölkənin 60-dək bölgəsi “Azercell”in LTE şəbəkəsinin əhatə dairəsindədir və bu rəqəm gündən-günə yüksəlməkdə davam edəcək. Lider operator LTE şəbəkəsini gücləndirərək və genişləndirərək son bir ildə əhali əhatəsində 118 faiz, coğrafi ərazi əhatə dairəsinisə 364 faiz yüksəlişə nail olub. Həmçinin bir il ərzində LTE şəbəkəsi üzərindən data istifadəsində 256 faiz artım olub. Son bir ildə “Azercell”in 1129 yeni LTE stansiyası quraşdırılıb. “Azercell” şəbəkəsində 4G/LTE trafiki ümumi data trafikinin 46 faizini təşkil edir ki, bu da ötən ilin muvafiq dövrü ilə müqayisədə 26 faiz artım deməkdir.
Avropanın “Systemics” şirkəti tərəfindən ölkə üzrə aparılan müstəqil bençmark testi nəticəsində Azərbaycanın bütün regionları üzrə “Azercell” sirkətinin daha üstün 4G/LTE xidməti göstərdiyi təsdiq olunub.
“Azercell özünün 4G şəbəkəsini 364 faiz genişləndirməklə paytaxt və regionlarda bütün əhali üçün sürətli mobil data istifadəsini əlçatan və rahat etməyi hədəfləyir. İstifadəçilərimizi ən sürətli mobil internetə alışdıraraq və şəbəkəmizi ən müasir səviyyəyə gətirərək biz artıq növbəti texnoloji mərhələyə keçidin hazır olduğunu bəyan edə bilərik. Bu yaxınlarda “Azercell”in ilk olaraq test rejimində təqdim etdiyi 5G şəbəkəsi bizim rəqəmsallaşma və gələcəyin bağlantılı cəmiyyəti üçün apardığımız təşəbbüslərin məntiqi nəticəsidir”, - deyə “Azercell Telekom”un Şəbəkə texnologiyaları departamentinin direktoru Marat Həmidov bildirib.
Qeyd edək ki, bu il noyabrın 12-də ölkədə ilk olaraq 5G şəbəkəsini test rejimində təqdim edən “Azercell Telekom” ən yeni nəsil mobil rabitə texnologiyası üzrə araşdırmaları davam etdirərək gələcəkdə bu şəbəkənin tam olaraq təşkilini həyata keçirməyi planlaşdırır.
Daha ətraflı məlumat üçün “[email protected]” ünvanına müraciət edə bilərsiniz.