® İşgüzar qadınlar növbəti dəfə “SHE Congress”də bir araya gəlib
Ölkənin lider mobil operatoru “Azercell Telekom” MMC-nin rəqəmsal transformasiya tərəfdaşlığı ilə növbəti “She Congress” baş tutub. 500-dən çox qadının iştirak etdiyi tədbir maraqlı çıxışlar, panel müzakirələri və interaktiv sessiyalarla yadda qalıb.
“Bu Gündən Kənar – Gələcəyə Qalanı Yaratmaq” (“Beyond Now – Creating What Lives On”) şüarı altında keçirilən konqresdə “Azercell” şirkətini Hüquq və Data Strategiyası üzrə baş direktor Şirin Əliyeva və Korporativ və Marketinq Kommunikasiyaları Departamentinin direktoru Sona Abbasova təmsil ediblər.
Çıxışı zamanı Şirin Əliyeva “Azercell”in telekommunikasiya sektorundakı lider mövqeyindən danışıb: ““Azercell” olaraq biz telekommunikasiya xidmətləri təqdim etməklə yanaşı sosial rifahın gücləndirilməsi və insan potensialının inkişafına töhfə veririk. Texnologiyanın, xüsusilə də süni intellektin bu qədər sürətlə həyatımıza nüfuz etdiyi bir dövrdə inanırıq ki, heç bir texnoloji yenilik insan duyğularını, empatiya və yaradıcılığını əvəz edə bilməz. Məhz buna görə həyata keçirdiyimiz hər bir təşəbbüs insan mərkəzli yanaşmaya əsaslanmalı və rifahın yüksəldilməsinə xidmət etməlidir”.
Konqres çərçivəsində təşkil olunan “İlk Açıq Qapı – Tağıyevin İrsi” adlı panel müzakirəsi Azərbaycan qadınının təhsil tarixinə həsr olundu. Panelin moderatoru Sona Abbasova bildirib ki, Tağıyev “yumşaq güc”ün canlı təcəssümü idi. Cəmiyyətin mövcud stereotiplərinə və müqavimətinə baxmayaraq, o, 100 il əvvəl qadınların təhsil almasının vacibliyini anlayır və bu istiqamətdə cəsarətli addımlar atırdı.
Bakı Media Mərkəzinin icraçı direktoru Orman Əliyev çıxışında xeyriyyəçi Zeynalabdin Tağıyevin həyat və fəaliyyətindən bəhs edən bədii filmə toxunub. O, əsərin yalnız bir tarixi şəxsiyyətin ömür yolunu deyil, həm də xeyriyyəçinin qadınların təhsil alması uğrunda apardığı mübarizə və qarşılaşdığı çətinlikləri əks etdirdiyini vurğulayıb. Tağıyevin “Bir qadına təhsil verərsənsə, bir millətə təhsil vermiş olarsan” fikri bu gün də öz aktuallığını qoruyur.
“Tağıyev” filminin ssenari müəllifi İsmayıl İmanov isə çıxışında bildirib ki, aradan 100 il keçməsinə rəğmən qızların təhsil almasına münasibətdə bəzi stereotiplər hələ də qalmaqdadır.
Cəfər Cabbarlının “Almaz” əsərinin motivləri əsasında çəkilmiş “Vətəndaş A” serialında baş rolu canlandıran aktrisa Günəş Təkin də bu fikri bölüşərək qeyd edib ki, əsərdə əks olunan bir sıra problemlərin bu gün də aktual olmasının əsas səbəbi valideynlərin düşüncə tərzində mövcud olan stereotiplərdir.
Çıxışında müasir dövrdə qadınların təhsili mövzusuna toxunan ADA Universitetinin prorektoru Vəfa Kazdal gənc qızlar üçün seçim azadlığı və özünəinam hissinin formalaşmasına şərait yaradılmasının vacibliyini vurğulayıb. O bildirib ki, bu imkanların genişləndirilməsi təkcə fərdi deyil, cəmiyyətin ümumi inkişafı baxımından da böyük əhəmiyyət daşıyır.
Panelin növbəti iştirakçısı - “Huma Quşu” Təhsilə Yardım Fondunun İdarə Heyətinin üzvü Səidə Abdullayeva fondun yaranma tarixi, fəaliyyəti və “Azercell” ilə tərəfdaşlığı barədə məlumat verib. O bildirib ki, fondun dəstəyi ilə artıq bir çox gənc qız xaricdə təhsil imkanı qazanıb və bu təşəbbüslər qadınların innovasiya və texnologiya sahələrində irəliləməsinə töhfə verir.