"Neftçi" basketbol klubunun baş məşqçisi: Yeni mövsümdə hədəfimiz çempionluqdur
Bakı, 18 oktyabr, AZƏRTAC
"Bizi çox maraqlı çempionat gözləyir".
Bu sözləri AZƏRTAC-a açıqlamasında "Neftçi" komandasının baş məşqçisi Anar Sarıyev Azərbaycan Basketbol Liqasının 2024-2025-ci illər mövsümünün açılış oyununda "Naxçıvan"la keçirəcəkləri görüş barədə danışarkən deyib.
O, bugünkü matçın çətin keçəcəyini bildirib: "Çünki bu komanda ötən il "Xəzri" adı altında finala kimi irəlilədi. Baş məşqçiləri dəyişməsə də, heyəti tamamilə yenilənib".
Mütəxəssis liqada bütün komandaların gücləndiyini bildirib: "Artıq yeni mövsümdə komandalar "4+1" legioner limiti ilə oynayacaq. Bu da çempionatın səviyyəsinə müsbət mənada təsir edəcək. Azərbaycana təşrif buyuran legionerlərin 90 faizi kolleci yeni bitirən amerikalılardır. Onlar da öz idman həyatlarına yeni addım atacaqlar".
Gənc mütəxəssis hədəflərinin Azərbaycan çempionluğunu qazanmaq olduğunu vurğulayıb: "Təkcə "Neftçi" deyil, digər kollektivlərin də hədəfi birinci olmaqdır. Mən oyunçu kimi də hər zaman çempionluq əldə etmək məqsədində olmuşam. İndi qalib gəlmək mentalitetini basketbolçulara ötürmək lazımdır. "Sabah"ı bu liqanın favoriti hesab edirlər. Onların çox yaxşı heyəti və büdcəsi var. Lakin biz də təslim olmaq niyyətində deyilik".
Qeyd edək ki, Bakı İdman Sarayında keçiriləcək "Neftçi" - "Naxçıvan" görüşü saat 20:00-da start götürəcək.