"XƏMSƏ" MİLLİ İNTELLEKTUAL OYUNUNUN BAKI ŞƏHƏRİ ÜZRƏ ZONA MƏRHƏLƏSİ KEÇİRİLMİŞDİR
Bakı, 5 oktyabr (AZƏRTAC). Gəncliyə Yardım Fondunda Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) tərəfindən "Xəmsə" Milli İntellektual Oyunu üzrə uşaq və yeniyetmələr arasında birinci Azərbaycan çempionatının Bakı şəhəri üzrə zona mərhələsi keçirilmişdir.
Oyunda yaşı 14-dən 17-dək olan yeniyetmələrdən ibarət hər birində 5 əsas və 2 ehtiyat oyunçu olan komandalar iştirak etmişlər. Yarışa paytaxtın 11 rayon komandası ilə yanaşı Şuşa, Laçın, Zəngilan rayonlarının komandaları və Sumqayıt şəhərinin 2 komandası da mübarizəyə qoşulmuşlar.
Yarışın keçirilməsində məqsəd uşaq və yeniyetmələrin intellektual səviyyələrinin artırılması, intellektual oyunların uşaq və yeniyetmələr arasında təbliğ olunması, eləcə də onların asudə vaxtlarının səmərəli və maraqlı təşkilində yeni üsulların təbliğ edilməsindən ibarətdir.
Oyunda Sumqayıt şəhərinin "Pənc gənc" komandası bütün rəqiblərinə qalib gələrək 1-ci yerə, Suraxanı rayonunun "Atəşgah" komandası 2-ci yerə, Sumqayıt şəhərinin "Türküstan" komandası 3-cü yerə və Şuşa rayonunun "Qala" komandası isə 4-cü yerə layiq görülmüşlər.
Zona mərhələsində mükafata layiq görülən hər bir komanda BŞGİBİ tərəfindən müvafiq dərəcəli diplom və xatirə hədiyyələri ilə təltif olunmuşlar.
Qeyd etmək istərdik ki, Bakı şəhəri üzrə zona mərhələsində mükafata layiq görülmüş komandalar "Xəmsə" Milli İntellektual Oyunu üzrə birinci Azərbaycan çempionatının final mərhələsinə vəsiqə qazanmışlar.