ABŞ ANALİTİKLƏRİ NATO-NU CƏNUBİ QAFQAZDAKI ROLUNU GENİŞLƏNDİRMƏYƏ ÇAĞIRIRLAR
İnstitutun keçirdiyi forumda müəlliflər Vaşinqtondakı siyasi dairələrin nümayəndələrini hələ tamamlanmamış tədqiqatın əsas məqamları ilə tanış etmişlər. 90 səhifəlik elmi işə Cənubi Qafqazın hər üç dövlətində təhlükəsizliyin vəziyyəti, müxtəlif çoğrafi-siyasi qüvvələrin bölgədəki maraqları, Azərbaycan, Ermənitsan və Gürcüstanın hərbi potensialı, NATO-nun burada həyata keçirdiyi “Sülh naminə tərəfdaşlıq” proqramına dair ətraflı məlumat, Gürcüstan və Azərbaycana ABŞ və Qərb dairələrinin hərbi yardımını əks etdirən materiallar daxil olunmuşdur. Tədqiqatın sonunda müəlliflər NATO-nun Cənubi Qafqaz dövlətlərində siyasətinə dair tövsiyələrini təqdim etmişlər.
Forumda çıxış edən Vladimir Sokor bildirmişdir ki, əvvəllər Qərb Cənubi Qafqaz bölgəsinə Arvopa və Asiyanı ayıran xətt kimi baxırdı. Son zamanlar belə yanaşma dəyişmişdir. Səbəbi üç amillə - bölgədə Rusiyanın nüfuzunun azalması, Qərbin gələcək enerji resurslarının açarı olan Xəzər hövzəsinin nəhəng təbii ehtiyatlarının aşkar edilməsi və antiterror müharibəsində bölgənin oynadığı rolla bağlıdır. Vladimir Sokor NATO-nun bölgədə daha geniş iştirakına ehtiyac görür. Onun fikrincə, bu ilin iyununda Alyansın İstanbulda keçiriləcək zirvə toplantısı Gürcüstan və Azərbaycanın NATO-ya üzvlük istəklərinə dəstək nümayiş etdirmək və Alyansın Cənubi Qafqazda təhlükəsizlik prioritetlərini bəyan etmək üçün əlverişli forum ola bilər. NATO-nun bu iki ölkəyə təklif etdiyi əməkdaşlıq Ermənistana da aid edilməlidir. Lakin Azərbaycan və Gürcüstanın Alyansa üzvlük məsələsi Ermənistanın və ya Rusiyanın etirazlarından asılı olmamalıdır.
Forumda çıxış edənlər vurğulamışlar ki, Cənubi Qafqazın təhlükəsizliyini təmin etmədən regional iqtisadi və ya sosial inkişafdan danışmaq yersizdir. Bu mənada, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və bölgədəki digər münaqişələr tezliklə həll edilməli, mövcud xarici hərbi qüvvələr bölgədən çıxarılmalıdır.