ABŞ AZƏRBAYCAN İLƏ TƏHLÜKƏSİZLİK SAHƏSİNDƏ ƏMƏKDAŞLIĞA BÖYÜK ÖNƏM VERİR
Müdafiə naziri qonaqları salamlayaraq qeyd etmişdir ki, ABŞ dövlətinin nümayəndələri ilə tez-tez görüşlərimiz ənənə şəklini almışdır. Bu o deməkdir ki, Azərbaycan və ABŞ dövlətləri arasında fəal əməkdaşlıq mövcuddur. Arzu edərdim ki, bizim hərbi sahədə də əməkdaşlığımız sürətlə inkişaf etsin.
Professorlar Y.Rumer və C.Saymon qəbul üçün müdafiə nazirinə təşəkkür edərək demişlər ki, onların əsas missiyası ABŞ dövlətinin digər dövlətlərlə hərbi münasibətlərinin gedişini müşahidə etmək və qiymətləndirmək, NATO-nun digər dövlətlərlə əlaqələrinin perspektivlərini tədqiq etmək, yeni risklərdən necə çıxmaq yollarını araşdırmaq, təhlükəsizlik məsələlərində strateji istiqamətləri müəyyənləşdirməkdən və s. ibarətdir.
Onlar bu baxımdan Azərbaycanın ABŞ və NATO ilə münasibətlərinin gələcəyi ilə maraqlanmışlar.
General-polkovnik S.Əbiyev Cənubi Qafqaz regionunda hərbi-siyasi vəziyyət, Ermənistan-Azərbaycan münaqişəsinin nəticələri, Azərbaycan-ABŞ və Azərbaycan-NATO münasibətləri barədə qonaqlarla fikir mübadiləsi etmişdir. O demişdir: “Bizim əsas məqsədimiz Avropanın təhlükəsizlik strukturlarına inteqrasiyadan, NATO ilə fəal əməkdaşlıq etməkdən, digər dövlətlərlə, birinci növbədə ABŞ-la ikitərəfli əməkdaşlıqdan ibarətdir. 11 sentyabr hadisələrindən sonra Azərbaycan beynəlxalq terrorizmlə mübarizə məsələsində ABŞ-ı birincilər sırasında dəstəkləmişdir.
Azərbaycan dövlətinin qarşısında duran birinci vəzifə isə torpaqlarını Ermənistanın işğalından azad etməkdir.
Bizə təklif edirlər ki, Ermənistanla danışıqlar aparıb onunla razılığa gələk. İşğalçı ilə razılığa gəlmək ideyası mənasızdır. Biz bunu işğalçı Ermənistanı dəstəkləmək kimi qiymətləndiririk. Münaqişənin həlli üçün beynəlxalq qanunlar mövcuddur və bu qanunlar dövlətlərin ərazi bütövlüyünü təmin etməyə xidmət edir. Beynəlxalq ictimaiyyət işğalçı Ermənistandan Azərbaycan torpaqlarını boşaltmağı tələb etməlidir...
Azərbaycanın işğal altındakı torpaqlarını qeyd-şərtsiz boşaltmaq haqqında BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamənin tələblərini Ermənistan tərəfi yerinə yetirmir. Arzu edərdik ki, bu gün ABŞ dövləti də bu qətnamələrin yerinə yetirilməsini Ermənistandan qətiyyətlə tələb etsin.
Bəzi dövlətlər bu məsələnin həllinə ikili standartlarla yanaşırlar. Belə yanaşma həmin dövlətlərin imicinə mənfi təsir edir”.
Sonra general-polkovnik S.Əbiyev ölkəmizin regiondakı strateji mövqeyi, Azərbaycan Silahlı Qüvvələrində aparılan islahatlar, o cümlədən zabitlərimizin NATO standartlarına uyğun proqramla hazırlanması və digər sahələrdə aparılan islahatlar barəsində qonaqlarla fikir mübadiləsi etmişdir. Nazir demişdir ki, Ermənistan-Azərbaycan münaqişəsi islahatların gedişinə maneçilik törədir. Bİz Ermənistanla müharibə vəziyyətindəyik. Buna baxmayaraq, NATO standartlarına keçid prosesi davam edir. Azərbaycan, eyni zamanda, NATO-nun “Sülh naminə tərəfdaşlıq” Proqramı çərçivəsində NATO-ya üzv və tərəfdaş dövlətlərlə də ikitərəfli əməkdaşlıq edir. Azərbaycan Rumıniya, Litva, Bolqarıstan və digər dövlətlərlə ikitərəfli əməkdaşlıq haqqında müqavilələr imzalamışdır.
General-polkovnik S.Əbiyev qonaqları maraqlandıran digər suallara ətraflı cavab vermişdir.
Görüşdə iştirak edən ABŞ-ın Azərbaycandakı səfiri Rino Harniş demişdir: “ABŞ Azərbaycan ilə təhlükəsizlik sahəsində əməkdaşlığa böyük önəm verir”.