ABŞ-da Azərbaycanın hava karqo şirkətinin beynəlxalq daşımalarda roluna dair müzakirələr aparılıb
Bakı, 12 dekabr, AZƏRTAC
Ötən həftə ABŞ-Azərbaycan Ticarət Palatasının təşkilatçılığı ilə hava daşımalarında dayanıqlılıq və yaşıl texnologiyaların tətbiqinə dair veb-konfrans keçirilib.
ABŞ-Azərbaycan Ticarət Palatasından AZƏRTAC-a bildiriblər ki, Beynəlxalq Mülki Aviasiya Günündə təşkil olunan konfransda natiqlər qismində ABŞ Nəqliyyat Departamentinin Beynəlxalq aviasiya ofisinin baş məsləhətçisi Alan Mitçel, “Silkway West Airlines” şirkəti prezidentinin ətraf mühit məsələləri üzrə müşaviri Kamran Babayev, “Boeing” şirkətinin marketinq direktoru Con Perdok və “Honeywell” şirkətinin təkliflər üzrə məsul şəxsi Endryu Melon iştirak ediblər.
ABŞ-Azərbaycan Ticarət Palatasının İcraçı direktoru Natiq Baxışovun moderatorluğu ilə aparılan müzakirələr ABŞ Nəqliyyat Departamentinin 2050-ci ilə qədər hava daşımalarında tullantıların sıfıra endirilməsi məqsədi daşıyan ABŞ-ın Mülki Aviasiya İqlim Fəaliyyət Planının müzakirəsi, Azərbaycanın qlobal səviyyədə tanınan “Silkway West Airlines” şirkətinin bu yaxınlarda yeni nəsil “Boeing 777-8F” təyyarələri əldə etməsi, istehsalçı şirkət olan “Boeing”in dayanıqlı və ekoloji təmiz hava daşımaları üçün təqdim etdiyi texnologiyalar, ekoloji təmiz olan Dayanıqlı Aviasiya Yanacağının (SAF-Sustainable Aviation Fuel) aviasiya bazarlarına təqdim edilməsi məsələləri ilə bağlı olub.
Müzakirələrin gedişində Azərbaycan şirkətinin yeni nəsil təyyarələr əldə etməsinin sözügedən operatorun ekoloji təmiz hava daşımalarına sadiqliyinin göstəricisi olduğu vurğulanıb. Bu xüsusda, şirkətin nümayəndəsi Kamran Babayev çıxışında təmsil etdiyi şirkətin qlobal hava daşımaları bazarında əhəmiyyətli paya sahib olduğunu deyib, şirkətin bundan sonrakı fəaliyyətində də təmiz və daha dayanıqlı aviasiya prinsiplərinə sadiq qalacağını bildirib.
Dayanıqlı Aviasiya Yanacağına keçidin beynəlxalq aviasiyanın təmiz və dayanıqlı gələcəyi üçün önəmli addım olacağını bildirən Kamran Babayev “Silkway West Airlines” şirkətinin indiyədək bəzi uçuşlarında SAF-dan istifadə etdiyini, lakin bunun hazırda təchizat məhdudiyyətləri ilə bağlı geniş istifadəsinin mümkün olmadığını diqqətə çatdırıb.