İDMAN
ABŞ-da yaşayan çempionlarımızın qazandıqları uğurlardan danışılıb
Bakı, 30 avqust, AZƏRTAC
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov ABŞ-da yaşayan azərbaycanlı idmançılar Nazim Sadıxov və Elgün Xanoğlanlı ilə görüşüb.
Komitədən AZƏRTAC-a bildiriblər ki, görüşdə F.Muradov diaspora dövlət qayğısının günü-gündən artması, komitənin həyata keçirilən tədbirləri barədə danışıb, ölkəmizi dünyada təmsil edən, müxtəlif yarışlarda Azərbaycan bayrağını dalğalandıran soydaşlarımızın qazandıqları uğurların davamlı olacağına əminliyini bildirib.
Sonra çıxış edən idmançılar öz fəaliyyətləri barədə ətraflı danışıb, müxtəlif arenalarda şanlı Azərbaycan bayrağını dalğalandırmaqdan qürur duyduqlarını dilə gətiriblər.
Qeyd edək ki, Nazim Sadıxov Nyu-York şəhərində yaşayır və 2021-ci ildə Texasda keçirilən “FURY Fighting Championships”də qələbə qazanaraq, ştatın çempionu adına layiq görülüb. İdmançı “Dana White's Contender Series 50” yarışında qalib gəldikdən sonra UFC ilə müqavilə imzalayıb.
2004-2005-ci illərdə Azərbaycan çempionu olan, hazırda Nyu-Yorkda yaşayan Elgün Xanoğlanlı isə karatenin kyokuşin növü üzrə idmanla məşğul olub, hazırda idman növünü dəyişərək qaydasız döyüşə başlayıb. O, 2014-cü ildə dünya çempionu, 2018-ci ildə isə Amerika çempionu titulunu qazanıb.
Soydaşımız 2021-ci ildə “Nyu-York kəməri”nə sahib olub.