ABŞ-dakı vətəndaşlarımız üçün növbəti canlı konsulluq vebinar sessiyası keçirilib
Vaşinqton, 25 aprel. AZƏRTAC
Aprelin 24-də Vaşinqtonda fəaliyyət göstərən ABŞ-Azərbaycan Ticarət Palatasının (USACC) təşəbbüsü və ölkəmizin ABŞ-dakı Səfirliyinin iştirakı ilə növbəti canlı konsulluq vebinar sessiyası baş tutub.
AZƏRTAC xəbər verir ki, onlayn sessiyanın əsas məqsədi hazırda ABŞ-da olan Azərbaycan vətəndaşlarına son məlumatları çatdırmaq, onların hazırkı vəziyyətini öyrənmək, suallarını cavablandırmaq və fikir mübadiləsi aparmaq olub.
Müzakirələrdə Azərbaycan vətəndaşları tərəfindən Azərbaycana aviareyslərin bərpası, hazırda akademik illəri sona çatan azərbaycanlı tələbələrin planları və digər konsulluq məsələlərinə aid suallar qaldırılıb. Səfirlik tərəfindən artıq bir aya yaxın 24/7 rejimində fəaliyyət göstərən qaynar xətt nömrələri və elektron ünvan təqdim olunub, suallar canlı yayımda cavablandırılıb və səfirlik tərəfindən bir daha konsulluq qeydiyyatından keçməyin çox vacib olduğu vurğulanıb.
Bundan əlavə ABŞ-da pandemiya ilə bağlı vəziyyət haqqında məlumat verilib, son tendensiyalar, tibbi avadanlıqlar, testlərin növü, aparılan araşdırmalar və proqnozlar barədə danışılıb. Eyni zamanda, Azərbaycanda karantin rejimindən mərhələli çıxış mexanizmi və məhdudiyyətlərin bir qisminin yumşaldılması haqqında da məlumat verilib.
Daha sonra sessiyanın iştirakçıları canlı yayıma qoşulan izləyicilər tərəfindən ünvanlanan suallara cavab verib.
Qeyd edək ki, səfirlik tərəfindən hazırda 4-cü dəfədir ki belə vebinar təşkil olunur. Canlı yayım aprelin 3-dən bəri hər cümə günü Vaşinqton vaxtilə 17:00-da canlı keçirilir. Vebinarda iştirak etmək və ətraflı tanış olmaq üçün aşağıdakı linkə daxil ola bilərsiniz: https://www.facebook.com/usacc.org/videos/571031530438076/
AZƏRTAC-ın Vaşinqton bürosu