ABŞ DÖVLƏT DEPARTAMENTİ İLLİK HESABATINDA AZƏRBAYCANIN İŞĞAL EDİLMİŞ ƏRAZİLƏRİNDƏ ERMƏNİLƏRİN MƏSKUNLAŞDIĞINI TƏSDİQLƏMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri Vaşinqtondan xəbər verir ki, fevralın 28-də ABŞ Dövlət Departamenti dünyada insan hüquqlarının qorunmasına dair 28-ci illik hesabatını yaymışdır.
Sənədə dünyanın 196 ölkəsində insan hüquqlarının qorunmasına dair faktlar və qeydlər daxil edilmişdir. Sənədin giriş hissəsində dövlət katibi Kondoliza Rays bildirir ki, yaxın aylarda Dövlət Departamentinin yayacağı daha bir hesabatda ABŞ hökumətinin ötən il müxtəlif ölkələrdə insan hüquqları və demokratiyanın dəstəklənməsi üçün atdığı addımlar əksini tapacaqdır.
Hesabatın Azərbaycana dair hissəsində Dövlət Departamenti etibarlı mənbələrə istinadən Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsində və digər ərazilərində Yaxın Şərqdən və başqa yerlərdən gələn erməni mühacirlərin məskunlaşdırıldığını bəyan etmişdir. Sənəddə bildirilir ki, Azərbaycan höküməti bununla bağlı BMT-yə və Avropa Şurasına müraciət etmişdir və məsələ ilə ATƏT-in faktaraşdırıcı missiyası məşğuldur.
Dövlət Departamentinin hesabatında göstərilir ki, erməni qüvvələri Dağlıq Qarabağı və ətraf rayonları işğal altında saxlamaqda davam edir. Azərbaycan hökuməti bu ərazilərə nəzarət etmir və orada mövcud insan haqları barədə məlumat əldə etmək mümkün deyildir. Ötən il Ermənistanın atəşkəs rejimini pozması nəticəsində 6 nəfər azərbaycanlı mülki və hərbi şəxs həlak olmuşdur.
Hesabatda bildirilir ki, Azərbaycanın dövlət başçısı tərəfindən bir sıra əfv fərmanlarının imzalandığını müsbət addım kimi qiymətləndirən ABŞ administrasiyası Azərbaycan hökumətinin bazar iqtisadiyyatının inkişafına yönəlmiş proqramlarını davam etdirməsini alqışlayır. Ötən il ölkə üzrə iqtisadi artımın 10 faizdən çox olduğu, yoxsulluq səviyyəsinin azaldığı bildirilir, əhali arasında işsizlik 15-20 faiz səviyyəsində qiymətləndirilir.
ABŞ qanunvericiliyinə əsasən, Dövlət Departamentinin demokratiya, insan hüquqları və əmək məsələləri üzrə bürosu tərəfindən hazırlanan bu hesabat Konqresdə Nümayəndələr palatasının sədrinə və Senatın Xarici Əlaqələr Komitəsinə təqdim ediləcəkdir. Bir sıra sənədlərlə yanaşı, bu hesabatdan dövlət siyasətinin müəyyənləşdirilməsi, diplomatiya istiqamətləri, ölkələrə yardımın ayrılması və s. məqsədlər üçün istifadə olunacaqdır.
Şəfəq Akifqızı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton