ŞƏRH
ABŞ Ermənistanda möhkəmlənərək region ölkələrinə müdaxiləsini artırmağa çalışır – RƏY
Bakı, 8 oktyabr, AZƏRTAC
Bu gün Ermənistanda baş verən anarxiyanın əsl səbəbi baş nazir Nikol Paşinyanın ölkənin idarəçiliyini tam olaraq ABŞ-a verməsidir. Amerikadan gələn inspektorlar isə Ermənistanın güc strukturlarını nəzarət altına götürüblər.
AZƏRTAC xəbər verir ki, bu fikirlər «Ритм Евразии» portalında yayımlanan siyasi analitik Serqey Andreevin məqaləsində yer alıb.
Müəllif qeyd edir ki, ötən həftə İrəvanda səfərdə olan ABŞ Dövlət katibinin müavini Uzra Zeya rəsmi Vaşinqtonun Ermənistanda patrul polisinin formalaşması üçün 16 milyon dollar vəsait ayırdığını deyib. Bununla yanaşı, Ermənistanın Müdafiə Nazirliyində ABŞ ordusunun nümayəndələri də işləyəcək və hərbi rəhbərliyə kömək edəcəklər. Səfər zamanı ABŞ-ın xanım məmuru, həmçinin qeyri-hökumət təşkilatlarının və “azad” mətbuatın nümayəndələri ilə görüşərək bir sıra məsələləri müzakirə edib. Müəllif diqqətə çatdırıb ki, mətbuatdan təbliğat kimi istifadə edən ABŞ Ermənistan ictimaiyyətini sakitləşdirərək yaxşı həyat vəd edir. Lakin Ukraynanın nümunəsi göz önündədir.
ABŞ-ın Ermənistandakı səfiri Kristina Kvin bu ölkədə hərbi dəniz patrulunun formalaşması və məşq prosesində iştirak edib. Səfir Ermənistanın baş prokuroru Annoy Vardapetyanla görüşündə bildirib ki, ABŞ Ermənistanın prokurorluq orqanlarının ən yaxın dostu və etibarlı tərəfdaşıdır. Bütün bunlar onu deməyə əsas verir ki, Ermənistan suverenliyini itirmək üzrədir və ABŞ-ın “marionetkası”na çevrilib.
Ermənistanın xarici işlər naziri oktyabrın 2-də Varşavada təhlükəsizlik məsələləri ilə əlaqədar keçirilən forumda bəyan etdi ki, Ermənistan fəaliyyəti olmayan təşkilatda təmsil olmaq istəmir. Bununla Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxmaq istəyini bildirən Ermənistan yaxın günlərdə sərhədlərinin Rusiya sərhədçiləri tərəfindən mühafizə olunmasından imtina edərək Qərb ölkələrinin hərbçilərini dəvət edəcək. Artıq Avropa İttifaqı ölkələrinin və ABŞ-ın hərbi mütəxəssisləri Ermənistanın sərhəd bölgəsinə tez- tez səfərlər edir, vəziyyəti qiymətləndirirlər.
Məsələnin mahiyyəti ondan ibarətdir ki, ABŞ-da da Ermənistanı qarşıda “çətin günlər”in gözlədiyini etiraf edirlər.
Müəllif qeyd edir ki, Ermənistanın baş naziri N. Paşinyanın Rusiyanı ABŞ-la əvəz etməyə çalışması və bu istiqamətdə siyasət aparması yaxşı nəticələnməyəcək. ABŞ Ermənistanda möhkəmlənərək region ölkələrinə müdaxiləsini artırmağa və geosiyasi oyunlarını davam etdirməyə çalışır.