ABŞ FEDERAL TƏHQİQAT BÜROSUNUN İKİ CƏBHƏYƏ İŞLƏYƏN AGENTİ 10 İLDƏN SONRA İFŞA EDİLDİ
Katrina Lonq Los-Ancelesdəki Çin diasporunun nümayəndələrini izləmək üçün FTB-nin şəhər şöbəsi tərəfindən agent kimi cəlb olunmuşdu, çünki buradakı çinlilər arasında geniş əlaqələri vardı. FTB bu qadına 1,7 milyon dollar haqq ödəmiş və əməkdaşlarından Ceyms Smit adlı birisini ona kurator təyin etmişdi. Lakin Lonq Çinin kəşfiyyat orqanlarının nümayəndələri ilə əlaqə yaradaraq, FTB-nin işi barədə onlara məxfi məlumat verməyə başlamışdı. Agent bu məlumatları öz kuratorunun köməyi ilə əldə edirdi.
10 il ərzində Lonqdan bütün şübhələri məhz Smit yayındırmışdır. O, öz əlaqələrindən istifadə edərək, Lonqun yalançıxaran detektorda testdən və çoxsaylı yoxlamalardan keçməməsinə imkan yaradırdı. Bu, 2000-ci ilin noyabrınadək, Smitin FTB-dən çıxarıldığı vaxtadək davam etmişdir. Bundan tezliklə sonra məlum olmuşdur ki, Katrina Lonq iki tərəfə işləyirmiş.
Çin agentinin və FTB əməkdaşının casusluq fəaliyyətinin təfərrüatı açıqlandıqda xüsusi xidmət orqanında informasiyanın məxfiliyinin təmin edilməsi üzrə ümumi sistem yenidən təşkil olundu, agentlərə nəzarət gücləndirildi. Kadrlar şöbəsinə əməkdaşların fəaliyyətini hər üç aydan bir yoxlamaq bir vəzifə olaraq tapşırıldı. Yalançıxarma detektorunda yoxlamalarla bağlı tələbkarlıq artırıldı.