ABŞ-ın Deyton şəhərində ahıska türklərinin sürgününün 71-ci ildönümü anılıb
Vaşinqton, 24 noyabr, AZƏRTAC
ABŞ-ın Deyton şəhərində yerləşən Ahıska Türkləri Amerika İcması Mərkəzində (Ahiska Turkish American Community Center - ATACC) ahıska türklərinin 1944-cü ildə məruz qaldığı dəhşətli sürgünün 71-ci ildönümü qeyd olunub.
Tədbirə Deyton meriyası və yerli icra hakimiyyətinin nümayəndələri, Ohayo ştatı Senatının və Nümayəndələr Palatasının üzvləri, Türkiyənin Çikaqo şəhərindəki baş konsulu Umut Acar, yerli iş adamları və ictimai xadimlər, həmçinin yerli ahıska türkləri icmasının təmsilçiləri qatılıblar. Azərbaycanı tədbirdə ABŞ-dakı səfirliyimizin müşaviri Məmməd Talıbov təmsil edib.
Ohayo rəsmiləri sırasında tədbirə qatılanlardan biri də Dayton Təhsil Şurasının üzvü seçilmiş Adil Bağırov olub. Amerika Azərbaycan icmasının fəal üzvü kimi tanınan və ABŞ Azərbaycanlıları Şəbəkəsinin (US Azeris Network - USAN) həmtəsisçisi olan A.Bağırov Birləşmiş Ştatların rəsmi strukturlarında yer alan ilk həmvətənimizdir.
Tədbir zamanı ahıska türklərinin üzləşdiyi faciələrdən, tarix boyu məruz qaldıqları məhrumiyyət və ədalətsizliklərdən bəhs edən qısa film nümayiş olunub. 1944-cü il sürgünün canlı şahidləri olan ahıska türkləri icmasının ağsaqqalları gördükləri, yaşadıqları dəhşətlər barədə tədbir iştirakçılarına ətraflı məlumat veriblər.
ATACC-in rəhbəri İslam Şahbəndərov həmin hadisələrdən 71 il ötməsinə baxmayaraq, ahıska türklərinin hələ də doğma torpaqlarına qayıtmasının mümkün olmadığını deyib.
Ohayo ştatının rəsmiləri və yerli qanunverici orqanın üzvləri çıxışlarında ahıska türkləri icmasının ştatın inkişafına və mədəni həyatına verdiyi töhfələri xüsusi qeyd edib, bu xalqın tarix boyu üzləşdiyi faciələrin bir daha təkrarlanmayacağına ümidvar olduqlarını bildiriblər.
Azərbaycan səfirliyinin müşaviri M.Talıbov çıxışında xalqımızın ahıska türklərini doğmaları kimi qarşılayaraq torpağımızda sığınacaq verdiyini qeyd edib. Təəssüflə xatırladıb ki, 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən Xocalı şəhərinin işğalı zamanı vəhşicəsinə qətlə yetirilmiş yüzlərlə günahsız insanlar arasında o zaman dağlıq Qarabağda məskunlaşmış ahıska türkləri də olub.
Diplomat ümummilli lideri Heydər Əliyevin Azərbaycan və türk xalqları arasında qardaşlığı əks etdirən “Bir millət, iki dövlət” kəlamını xatırladaraq qapılarımızın türk qardaş və bacılarımız, o cümlədən ahıska türklərinin üzünə hər zaman açıq olduğunu deyib. Ohayo ştatında yaşayan çoxsaylı ahıskalının bu qardaş yardımını unutmadığını söyləyən M.Talıbov Azərbaycanı burada dəstəklədiklərinə görə onlara təşəkkürünü bildirib.
Məlumat verilib ki, 1944-cü il sürgünü zamanı ahıska türklərinin 40 faizi həyatını itirib. Hazırda Deytonda məskunlaşmış ahıska türklərinin böyük qismi vaxtilə Azərbaycanda yaşayıb.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton