ABŞ-IN KOMMERSİYA DEPARTAMENTİ AZƏRBAYCANDA ÖZ NÜMAYƏNDƏLİYİNİ AÇIR
AZƏRTAC xəbər verir ki, sentyabrın 26-da “Hyatt-Regency” mehmanxanasında Amerika Ticarət Palatası üzvlərinin iştirakı ilə ABŞ-ın Kommersiya Departamentinin Azərbaycanda nümayəndəliyinin açılmasına həsr olunmuş rəsmi qəbul təşkil edilmişdir.
Tədbiri giriş sözü ilə açan ABŞ-ın ölkəmizdəki səfiri Ann Ders səfirliyin nəzdində fəaliyyət göstərəcək Kommersiya Xidmətinin açılmasından böyük məmnunluq hissi duyduğunu demişdir. Səfir bildirmişdir ki, Birləşmiş Ştatlar Azərbaycanda dərin və daimi maraqlara malikdir və Dik Çeyninin səfərindən sonra biz ölkələrimiz arasında mövcud olan strateji tərəfdaşlığın hər iki tərəf üçün eyni səviyyədə intensivləşdiyini müşahidə edirik. Biz tərəfdaş kimi bir çox məsələlərdə əməkdaşlıq edirik. Kommersiya Xidmətinin fəaliyyətə başlaması bu əməkdaşlıq sahəsində atılmış növbəti addımdır. Bu xidmət sayəsində ölkələrimiz arasında ticarətin və müxtəlif təyinatlı sərmayələrin müntəzəm artmasının şahidi olacağıq.
ABŞ Kommersiya Departamentinin başçısının müavini Pol Dik Azərbaycanın bazar iqtisadiyyatı sahəsində tutduğu islahatlar yolunu davam etdirdikcə ölkələrimiz arasındakı kommersiya əlaqələrinin daha geniş vüsət alacağını vurğulamışdır.
Dünyanın 76 ölkəsinə ixrac əməliyyatları sahəsində yardım göstərən ABŞ Kommersiya Departamenti əsas diqqətini Azərbaycanın geniş ixrac imkanlarına yönəltmişdir. Bakıda yaradılmış ofis məsləhət, sifarişli bazar tədqiqatları, hüquqi yardım və biznes məsələləri üzrə də xidmətlər göstərəcəkdir.