ABŞ-ın Solt-Leyk şəhərində Respublika Gününə həsr olunmuş festival təşkil edilib
Bakı, 29 may, AZƏRTAC
Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Amerika Azərbaycanlıları Koordinasiya Şurasının üzvü, Yuta-Azərbaycan İcmasının nümayəndəsi Əsmər Qarayevanın təşkilatçılığı ilə ABŞ-ın Solt-Leyk şəhərində 28 May - Respublika Gününə həsr olunmuş festival keçirilib.
Komitənin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, şəhərin mərkəzi “The Gateway” meydanında təşkil olunmuş festival Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Tədbiri giriş sözü ilə açan Əsmər Qarayeva amerikalı qonaqların nəzərinə çatdırıb ki, dünya azərbaycanlıları, o cümlədən ABŞ-da yaşayan soydaşlarımız böyük qürur hissi ilə 103 il öncə Azərbaycanın dövlətçilik tarixində baş vermiş mühüm hadisəni - müsəlman Şərqində ilk dünyəvi demokratik dövlətin qurulmasını qeyd edirlər. O, Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixindən və fəaliyyətindən, 1991-ci ildə xalqımızın dövlət müstəqilliyinin bərpasına nail olmasından, ötən il 44 günlük Vətən müharibəsi zamanı torpaqlarımızın işğaldan azad olunmasından və ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsindən danışıb.
Qeyd edək ki, festivalın keçirildiyi ərazi Azərbaycanın dövlət bayraqları ilə bəzədilib, məmləkətimizin xəritəsini, qədim tarixini, zəngin mədəniyyətini əks etdirən fotosərgi nümayiş olunub. Sərginin eksponatları arasında dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin əsərləri əsasında çəkilmiş miniatürlər, Bakı şəhərinin və Qarabağın tarixi abidələrini, milli mətbəx nümunələrini və çay dəsgahını əks etdirən şəkillər var. Azərbaycanda 2021-ci ilin "Nizami Gəncəvi İli" elan olunduğuna diqqət cəlb edilib.
Sərgi yerli sakinlərin böyük marağına səbəb olub. Qonaqlar Azərbaycan mədəniyyətinin zənginliyinə heyran olduqlarını ifadə ediblər. Tədbir zamanı Azərbaycan mətbəxinin nümunələri təqdim edilib, milli və klassik musiqimiz səsləndirilib.