ABŞ koronavirusun müalicəsi üçün sağalan pasiyentlərin qan plazmasından istifadə edəcək
Bakı, 24 avqust, AZƏRTAC
ABŞ-ın Səhiyyə və Sosial Xidmətlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Qida və Dərmanların Keyfiyyətinə Nəzarət üzrə İdarəsi koronavirusa yoluxan pasiyentlərin müalicəsində COVID-19 xəstəliyindən sağalan insanların qan plazmasından istifadə etmək üçün təcili icazə verib.
AZƏRTAC xəbər verir ki, bu barədə qurumun yayımladığı məlumatda deyilir.
“Qida və Dərmanların Keyfiyyətinə Nəzarət üzrə İdarə COVID-19 infeksiyasının müalicəsi üçün eksperimental metod çərçivəsində xəstəlikdən sağalan insanların qan plazmasının koronavirusa yoluxan pasiyentlərə vurulması üçün təcili icazə verib”, - deyə sənəddə bildirilir.
Qurum bu metodun effektiv olacağı və onun məlum olan potensial müsbət təsirlərinin potensial riskləri üstələdiyi qənaətinə gəldiyini vurğulayır.
Qeyd edək ki, mart ayının 11-də Dünya Səhiyyə Təşkilatı COVID-19 xəstəliyinə səbəb olan yeni növ koronavirusun yayılmasını pandemiya elan edib. Pandemiyanın statistikasını aparan Worldometer saytının son məlumatına əsasən, ABŞ-da koronavirusa 5 milyon 874 min 146 yoluxma və 180 min 604 ölüm faktı qeydə alınıb, 3 milyon 167 min 63 nəfər isə COVID-19 xəstəliyindən sağalıb.