ABŞ NÜMAYƏNDƏLƏRİ İLƏ GÖRÜŞDƏ AZƏRBAYCANIN AVROPANIN ENERJİ TƏHLÜKƏSİZLİYİNƏ TÖHFƏSİ YÜKSƏK QİYMƏTLƏNDİRİLMİŞDİR
Azərbaycanın enerji siyasəti və enerji sahəsində Orta Asiya ölkələri ilə əməkdaşlığının müzakirə olunduğu görüşdə tərəflər, bu sahədə əldə olunmuş nailiyyətləri, xüsusilə Azərbaycan və Türkmənistan arasında dialoqun intensivləşməsini alqışlamışlar.
ABŞ nümayəndə heyətinin rəhbəri Birləşmiş Ştatların Azərbaycan ilə yanaşı, enerji daşıyıcılarının təchizatçıları olan Orta Asiya ölkələri ilə əməkdaşlığa önəm verdiyini, ABŞ şirkətlərinin bu əməkdaşlıqda xüsusi marağını vurğulamışdır. Hazırda bir sıra ölkələrin enerji siyasətində prioritet olan enerji diversifikasiyasının həmin bölgənin dövlətləri üçün də mühümlüyünü, bu baxımdan Qərblə əməkdaşlığın səmərəli olacağını bildirmişdir.
E.Məmmədyarov Azərbaycanın enerji siyasətində diversifikasiya amilini əsas tutmaqla yanaşı, enerji tranziti marşrutlarının öz ərazisindən keçməsində də maraqlı olduğunu, bunun ölkə üçün geostrateji və iqtisadi əhəmiyyətini vurğulamışdır. Azərbaycan bu sahədə ABŞ, Avropa və Orta Asiya arasında əməkdaşlığın gücləndirilməsinə öz töhfəsini verməyə hazır olduğunu bildirmişdir.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.