ABŞ SENATORU AZƏRBAYCANLA STRATEJİ ƏLAQƏLƏRİN GENİŞLƏNDİRİLMƏSİ YOLLARINI MÜZAKİRƏ ETMİŞDİR
Amerika Birləşmiş Ştatları və Azərbaycan arasında səmimi tərəfdaşlıq münasibətləri yaranmışdır və Azərbaycan Prezidenti İlham Əliyevlə görüş zamanı biz iki ölkə arasında mövcud olan strateji əlaqələrin genişləndirilməsi yollarını müzakirə etdik. AZƏRTAC xəbər verir ki, bunu avqustun 25-də ABŞ Senatının Xarici əlaqələr komitəsinin üzvü Riçard Luqar Azərbaycana səfərinin yekunlarına əsasən bildirmişdir.
Amerika senatoru bildirmişdir ki, Prezident İlham Əliyevlə söhbət zamanı təhlükəsizlik, energetika və kənd təsərrüfatının inkişafı məsələləri də müzakirə olunmuşdur.
Azərbaycan hökumətinin Gürcüstana göstərdiyi humanitar yardımı yüksək qiymətləndirən R.Luqar demişdir ki, bu ölkədəki hadisələr Azərbaycanın bütün region üçün əhəmiyyətli olduğunu bir daha göstərmişdir. Senator vurğulamışdır ki, Azərbaycan ABŞ üçün çox vacib ölkədir.
“Nabukko” boru kəmərinə və onun doldurulması məsələsinə toxunan senator bildirmişdir ki, həmin layihə Azərbaycan Prezidenti, eləcə də “bp-Azərbaycan” şirkətinin rəhbərliyi ilə müzakirə olunmuşdur və bu müzakirələr Türkiyədə davam etdiriləcəkdir. Burada Türikiyənin qaza tələbatı məsələsi diqqət mərkəzində olacaqdır. Luqar demişdir ki, Macarıstan, Almaniya, Rumıniya və Ukraynaya da getmək niyyətindədir, çünki “Nabukko” layihəsi onların enerji təhlükəsizliyinin təminatı baxımından olduqca əhəmiyyətlidir.
Qarşıdan gələn prezident seçkilərinə toxunan senator Luqar vurğulamışdır ki, Azərbaycan vətəndaşları öz ölkəsinin demokratik yolla inkişafında maraqlıdırlar.
######
