ABŞ TƏHLİLÇİLƏRİ ŞİMALİ ATLANTİKA ALYANSINI CƏNUBİ QAFQAZDAKI ROLUNU GENİŞLƏNDİRMƏYƏ ÇAĞIRIRLAR
İnstitutun keçirdiyi forumda müəlliflər hələ tamamlanmamış tədqiqatın əsas məqamları ilə Vaşinqtondakı siyasi dairələrin nümayəndələrini tanış etmişdilər. 90 səhifəlik elmi işdə hər üç Cənubi Qafqaz dövlətində yaranan təhlükəsizlik vəziyyəti, bölgədə müxtəlif geosiyasi qüvvələrin maraqları, Azərbaycan, Ermənitsan və Gürcüstanın hərbi potensialı, NATO-nun burada həyata keçirdiyi “Sülh Naminə Tərəfdaşlıq” Proqramına dair ətraflı məlumat, Gürcüstan və Azərbaycana ABŞ və Qərb dairələrinin hərbi yardımını əks etdirən materiallar daxil edilmişdir. Tədqiqatın sonunda müəlliflər Şimali Atlantika Alyansının Cənubi Qafqaz dövlətlərində siyasətinə, Ermənistan, Azərbaycan və Gurcustana ayrı-ayrılıqda təhlükəsizliyin artırılmasına dair tövsiyələrini təqdim etmişlər.
Forumda çıxış edən Vladimir Sokor bildirmişdir ki, əvvəllər Qərb Cənubi Qafqaz bölgəsinə Arvopa və Asiyanı ayıran xətt kimi baxırdı. Son zamanlar belə yanaşma dəyişmişdir. Səbəbi üç amillə bağlıdır: bölgədə Rusiyanın nüfuzunun azalması, Qərbin gələcək enerji resurslarının açarı olan Xəzər hövzəsinin nəhəng təbii ehtiyatlarının aşkar edilməsi və anti-terror müharibəsində bölgənin oynadığı rol. Vladimir Sokor, NATO-nun bölgədə daha geniş iştirakına ehtiyac görür. Bu ilin iyun ayında İstanbulda keçiriləcək Alyansın zirvə toplantısı Gürcüstan və Azərbaycanın NATO-ya üzvlük istəklərinə dəstək nümayiş etdirmək və Alyansın Cənubi Qafqazda təhlükəsizlik prioritetlərini bəyan etmək üçün əlaverişli forum ola bilər. NATO-nun bu iki ölkəyə təklif etdiyi əməkdaşlıq Ermənistana da aid edilməlidir. Lakin Azərbaycan və Gürcüstanın Alyansa üzvlük məsələsi Ermənistanın və ya Rusiyanın etirazlarından asılı olmamalıdır.
Forumda çıxış edənlər vurğulamışlar ki, Cənubi Qafqazın təhlükəsizliyini təmin etmədən regional iqtisadi və ya sosial inkişafdan danışmaq yersizdir. Bu mənada, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və bölgədəki digər münaqişələr tezliklə həll edilməli, bölgədən mövcud xarici hərbi qüvvələr çıxarılmalıdır.