CƏMİYYƏT
Abşeronda şirniyyat istehsalı müəssisəsində normativ tələblərin pozulduğu aşkarlanıb
Bakı, 18 sentyabr, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Abşeron rayonu, Masazır qəsəbəsi, Masazır şosesi, ev 3A ünvanında fiziki şəxs Hüseynov Elsevər Alim oğluna məxsus unlu və kremli qənnadı məmulatlarının istehsalı müəssisəsində planlı yoxlama aparıb.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ-hüquqi aktların tələblərinin pozulduğu müəyyən edilib.
Müəssisədə texnoloji ardıcıllıq prosesinin pozulduğu, məhsulların saxlanma şəraitinə əməl edilmədiyi və etiketlənməsinin aparılmadığı, sanitar qovşağın qapısının birbaşa istehsal sahəsinə açıldığı, işçi heyətin tibbi müayinədən keçmədiyi və digər nöqsanlar aşkarlanıb.
Faktla bağlı qanunvericiliyə uyğun olaraq, məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul edilərək müəssisədə unlu və kremli qənnadı məmulatlarının istehsalı dayandırılıb, rəhbərliyi barəsində inzibati protokol tərtib olunub.