“Açıq qapı” günündə iştirakçılar qida məhsullarının laboratoriyalarda keçdiyi mərhələləri izləyiblər
Bakı, 2 dekabr, AZƏRTAC
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda növbəti “Açıq qapı” günü keçirilib.
İnstitutun İctimaiyyətlə əlaqələr və maarifləndirmə departamentindən AZƏRTAC-a verilən məlumata görə, “Açıq qapı” günündə iştirak etmək üçün qeydiyyatdan keçənlərin institutun laboratoriyalarına baxış keçirməsi və laboratoriyaların maddi-texniki bazası ilə yaxından tanış olması təmin edilib.
İştirakçılar qida məhsullarının laboratoriyalara qəbulundan son müayinə nəticələrinə qədər olan mərhələləri əyani şəkildə izləyiblər. Onlara institutun fəaliyyəti, qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən subyektlərdə qida təhlükəsizliyi göstəriciləri üzrə aparılan tədqiqatlar, qida təhlükəsizliyi sahəsində həyata keçirilən elmi-praktiki araşdırmalar haqqında ətraflı məlumat verilib. Qeyd edilib ki, Qida Təhlükəsizliyi İnstitutunun nəzdində qida təhlükəsizliyi, kompleks müayinələr, heyvan və bitki sağlamlığı üzrə fəaliyyət göstərən 16 laboratoriya və regional bölmənin maddi-texniki bazasının gücləndirilməsi, modernləşdirilməsi, fəaliyyətinin optimallaşdırılması, eyni zamanda, kadrların səriştəliliyinin artırılması sahəsində mütəmadi tədbirlər həyata keçirilir.
“Açıq qapı” günündə iştirakçıları maraqlandıran suallar cavablandırılıb.