ADAU-da fövqəladə hallarla mübarizə sahəsində məlumatlandırıcı görüş təşkil olunub
Gəncə, 16 dekabr, Elcan Məmmədov, AZƏRTAC
Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) nəzdində fəaliyyət göstərən Gəncə Dövlət Aqrar Kollecinin tədris binasının akt zalında Fövqəladə Hallar Nazirliyinin yaranmasının 20 illik yubileyi münasibətilə tədbir keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə çıxış edən ADAU-nun Tədris işləri üzrə prorektoru Əhməd Məlikov Fövqəladə Hallar Nazirliyinin yarandığı dövrdən etibarən səmərəli fəaliyyətindən danışıb.
Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzinin rəis müavini, polkovnik leytenant Rauf Abbasov təhlükə mənbələri, onların xarakteri barədə məlumat verərək, Azərbaycan Dövlət Aqrar Universitetində bu istiqamətdə görülən vacib tədbirləri yüksək dəyərləndirib.
Nazirliyin Gəncə Regional Mərkəzinin Mülki Müdafiə hazırlıq şöbəsinin rəisi, polkovnik-leytenant Bahayi Nəsirov regionda mülki müdafiə üzrə həyata keçirilən tədbirlərdən danışaraq, ADAU-da görülmüş işləri nümunəvi hesab edib.
Daha sonra Gəncə Dövlət Aqrar Kollecinin direktoru Fəqan Ağayev, ADAU-nun Həyat fəaliyyətinin təhlükəsizliyi kafedrasının əməkdaşları, dosent Nemət Hacıyev və baş müəllim Abbas İbrahimov və “Həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi” ixtisasının III kurs tələbəsi Yusif Quliyev gözlənilən təhlükə mənbələri, belə halların təsirlərinin aradan qaldırılması üçün görülməsi nəzərdə tutulan tədbirlərdən danışıblar.
Sonda ADAU-nun Aqronomluq və zoomühəndislik fakültələrinin binasının qarşısında Gəncə Regional Mərkəzinin əməkdaşı kapitan Əli Xəlilovun rəhbərliyi ilə müxtəlif istiqamətli fövqəladə hallarda xilasetmə və digər təxirəsalınmaz tədbirlərin icrası məqsədilə tətbiq edilən texniki vasitələr, onların xarakteristikası, həmçinin xilasedicilərin praktiki işlərinin nümunəvi nümayişi keçirilib.