ADAU-nun tələbələrinə heyvan sağlamlığı və baytarlıq nəzarəti ilə əlaqədar məlumat verilib
Bakı, 27 fevral, AZƏRTAC
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssisləri Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) “Baytarlıq təbabəti” və “Zoomühəndislik” fakültələrinin tələbələri ilə görüş keçirib.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, tədbirdə tələbələrə agentliyin fəaliyyət istiqamətləri, heyvan sağlamlığı və baytarlıq nəzarəti sahəsində görülən işlər barədə geniş məlumat verilib. Həmçinin iştirakçılar AQTA-nın strukturu, işə qəbul proseduru, karyera imkanları haqqında məlumatlandırılıb və onların sualları cavablandırılıb. Eyni zamanda, görüş zamanı agentliyin 5 il ərzində həyata keçirdiyi tədbirləri əks etdirən videoçarx nümayiş olunub.
Qeyd edək ki, tədbir çərçivəsində AQTA-nın Heyvan sağlamlığı və bioloji təhlükəsizlik şöbəsinin müdiri, respublikanın baş baytar müfəttişi Qalib Əbdüləliyev ADAU-da baytarlıq ixtisası üzrə təhsil alan dördüncü kurs tələbələrinə “Baytarlıq sisteminin idarə olunması” mövzusunda mühazirə oxuyub.