Adilə Əliyeva: Azərbaycanda gənclərin iqlim məsələlərinə marağı artır
Bakı, 11 sentyabr, AZƏRTAC
Dayanıqlı inkişaf, yaşıl şəhərsalma, ekoloji qida sistemləri və məsuliyyətli istehlak kimi mövzuların müzakirə edilməsi onu göstərir ki, Azərbaycanda gənclərin iqlim məsələlərinə marağı getdikcə artır. Düşünürəm ki, əsas məqsədimiz yalnız gənclərin bu mövzular haqqında məlumatlı olması deyil, onların bu bilikləri real fəaliyyətə çevirməsidir.
AZƏRTAC xəbər verir ki, bunu “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) layihələr və könüllülərlə iş şöbəsinin müdiri Adilə Əliyeva Bakıda "EkoSfera" Ekoloji-Sosial Mərkəz İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən "II LCOY Azərbaycan 2026 - II İqlim Dəyişikliyi üzrə Gənclərin Lokal Konfransı"nda çıxışı zamanı deyib.
"Bu gün burada səsləndirilən fikir sabah bir layihəyə, təşəbbüsə, sosial innovasiyaya və ya regionunuzda həyata keçirəcəyiniz kiçik, amma real dəyişikliyə çevrilə bilər. İqlim dəyişiklikləri gələcəyin problemi deyil, bu artıq bu günün reallığıdır və bu reallığın necə dəyişəcəyində gənclərin rolu çox böyükdür. Biz hər zaman “Regional İnkişaf” İctimai Birliyi olaraq gənclərin ideyalarını, layihələrini dəstəkləməyə hazırıq", - deyə o diqqətə çatdırıb.